ABŞ vitse-prezidenti Ceyms Di Vens və dövlət katibi Marko Rubio prezident Donald Trampın Rusiyanın müharibəni sürdürməsinə qarşı sərt mövqeyini açıq dəstəkləyiblər. Onlar Moskvanı Ukraynadakı təcavüzkar müharibəni dayandırmaq, ölümlərin qarşısını almaq üçün yetərincə addım atmamaqda ittiham ediblər.
“Tramp hesab edir ki, onlar (rusiyalılar) müharibəni dayandırmaqdan ötrü masaya yetərincə təklif qoymurlar... Əgər rusiyalılar xoşniyyətlə danışıqlara getməkdən imtina edərlərsə, məncə, bu onların ölkəsi üçün çox, çox pis olacaq”, – Vens sentyabrın 24-də deyib.
Marko Rubio isə BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. O, Trampın “ölümləri dayandırmağın və Moskvanın Rusiya-Ukrayna müharibəsinin davamlı həlli üçün mənalı addımlar atmağının vacibliyi” çağırışını bir daha təkrarlayıb.
Lavrov Ukraynadakı müharibənin sülh yolu ilə həllində “qarşılıqlı maraq”dan danışıb. O, Rusiyanın “Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmaq” istədiyini bir daha dilə gətirib. Kreml üçün bu, Ukraynanın hərbi gücünün məhdudlaşdırılması, NATO-ya üzv olmaması öhdəliyi deməkdir. Kiyev və Qərb isə bu tələbləri qəbuledilməz sayır.
Kremlin sözçüsü Dmitri Peskov isə Ukraynanın bütün ərazilərini geri qaytara biləcəyi haqda Trampın dediklərini rədd edib: “Ukraynanın nəyisə geri qaytara biləcəyi ideyası, bizim baxışımızdan, yanlışdır”.
Trampın ritorikasında kəskin dönüş
Tramp sentyabrın 23-də sosial mediada yazıb ki, Ukrayna Avropa ölkələrinin köməyi ilə Rusiyanın işğal etdiyi ərazilərinin hamısını qaytara bilər. İndiyədək o və ABŞ-nin digər rəsmiləri sülhdən ötrü Ukraynanın da Rusiyaya torpaq verməli olduğunu deyirdilər.
Bu, ABŞ prezidentinin ritorikasından kəskin dönüş sayılır.
Ukrayna prezidenti Volodimir Zelenski Trampın son açıqlamalarına təəccübləndiyini bildirib, amma bunu həm də müsbət siqnal adlandırıb.
V.Zelenski
Zelenski sentyabrın 24-də BMT Baş Assambleyasındakı çıxışında Putini Kremlin müharibəsini Ukraynanın hüdudlarından kənara yaymaq istəməkdə ittiham edib. O deyib ki, dağıdıcı silahlanma yarışını önləmək naminə beynəlxalq ictimaiyyət bu münaqişəni dayandırmalıdır.
Zelenski həm də xəbərdarlıq edib ki, dronlar və texnologiyadan istifadə döyüş meydanına yeni ölçü gətirib:
“Faktlar ortadadır: bu müharibəni indi dayandırmaq və bununla da qlobal silahlanma yarışını önləmək lazımdır. Bu, gələcəkdə yeraltı uşaq bağçaları, yaxud vacib infrastruktur üçün nəhəng bunkerlər inşa etməkdən daha ucuz başa gəlir”.
“İndi Rusiya dronları Avropa üzərində uçur, Rusiyanın əməliyyatları müxtəlif ölkələrə yayılır... Putin bu müharibəni genişləndirərək davam etdirmək istəyir, hazırda heç kim özünü təhlükəsiz hiss edə bilməz”, – o əlavə edib.
Son həftələr Rusiya dronlarının NATO üzvlərinin hava məkanını pozması halları qeydə alınıb.
Zelenski: Ukraynadakı müharibənin hər kəsə dəxli var
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin üzv ölkələrini Ukraynadakı və digər ölkələrdəki müharibələrin dayandırılması üçün birgə səylər göstərməyə çağırıb.
“Dünyada çoxları özünü hələ də rahat hiss edir, sanki müharibənin onlara dəxli yoxdur. Amma görün, Baş Assambleyada təmsil olunan ölkələrin neçəsi müharibə vəziyyətindədir, yaxud ondan yeni çıxıb, onu dayandırmağa çalışır, hətta açıq şəkildə yeni müharibəyə hazırlaşır. Amma müharibə artıq çoxlarına təsir edib. Bu sizi maraqlandırmırmış kimi davranmaq mümkün deyil”, – Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında vurğulayıb.
“Bugün hər şey sizdən asılıdır. Sülhə kömək edəcəksiniz, yoxsa Rusiyayla ticarəti davam etdirib onun müharibəni maliyyələşdirməsinə yardım göstərəcəksiniz. Hər şey sizdən asılıdır – əsirlər azad ediləcəkmi, qaçırılan uşaqlar evə qayıdacaqmı, girovlar buraxılacaqmı. Gələcəyimizi nə müəyyən edir? İndi – müharibə. Amma onu birgə qətiyyətli addımlar müəyyən etməlidir”, – Zelenski deyib.
O əlavə edib ki, sülh istəyən ölkə müdafiə potensialını artırmalıdır. Zelenski Rusiyanın atəşkəsə qarşı çıxdığını bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ukraynada çox ağır döyüşlərin getdiyi şəhər: 'Evə qaçırıq ki, dronlar altında qalmayaq'
Ukrayna prezidenti Kiyevin nəzarətində olmayan ərazilərə aparılan ukraynalı uşaqlardan danışıb.
“Rusiya minlərlə ukraynalı uşağı qaçırıb. Onlardan bəzilərini vətənə qaytarmışıq. Bu işə yardım göstərənlərə təşəkkür etmək istərdim”, – Zelenski vurğulayıb.
Sentyabrın 24-də Rusiya qüvvələri Donetsk vilayətindəki Konstantinovkaya 3 FAB-250 aviabombası atıblar, iki nəfər həlak olub. Daha 8 nəfər yaralanıb.
Bundan öncə sentyabrın 18-də şəhərə 250 kq-lıq aviabomba atılmış, 5 nəfər həlak olmuşdu.