Ukraynanın ədliyyə naziri NABU-nun istintaqı ilə əlaqədar vəzifədən kənarlaşdırılıb

Qerman Qaluşşenko

Ukraynanın ədliyyə naziri Qerman Qaluşşenko vəzifədən çıxarılıb. Səbəb Milli Antikorrupsiya Bürosunun (NABU) enerji sektorundakı korrupsiya ilə bağlı səs-küylü istintaqda onun adının hallanmasıdır. Qaluşşenko bundan öncə energetika naziri vəzifəsini tutub.

O, istintaq dövründə vəzifədən kənarlaşdırılmanın "sivil və düzgün" qərar olduğunu, özünü hüquqi müstəvidə müdafiə edəcəyini deyib. Nazir səlahiyyətlərini Avropa inteqrasiyası məsələləri üzrə nazir müavini Lyudmila Suqak icra edəcək.

Noyabrın 10-da NABU cinayət işi çərçivəsində Qaluşşenkonun və daha bir neçə şəxsin evində axtarış aparıb. İstintaq "Energoatom" şirkətində ehtimal olunan korrupsiya ilə bağlıdır. Bundan öncə hökumət şirkətin müşahidə şurasının səlahiyyətlərinə xitam verib.

Qaluşşenkoya rəsmi ittiham irəli sürülməyib. Ancaq AzadlıqRadiosunun Ukrayna xidməti bildirir ki, istintaqda yeddi nəfər şübhəli kimi qeyd olunub. Onların arasında energetika nazirinin keçmiş müşaviri İqor Mironyuk (NABU-nun yayımladığı audioyazılarda "Roket" kimi tanınır), "Energoatom"un təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basov (Tenor) və daha dörd əməkdaş var. Siyahıda "Kvartal-95" studiyasının həmtəsisçisi, işadamı Timur Mindiç (Karlson) də yer alır. Mindiçin artıq Ukraynanı tərk etdiyi bildirilir.

İstintaq böyük rezonans doğurub. Bir sıra media orqanları Mindiçi prezident Volodimir Zelenskiyə yaxın şəxs kimi təqdim edib. Prezident Zelenski noyabrın 10-dakı çıxışında istintaqa toxunaraq deyib ki, günahı sübuta yetirilən şəxslərin cəzası "mütləq" kəsilməlidir.

Timur Mindiç

10 noyabr

Zelenskinin keçmiş biznes ortağının evində axtarış. Mindiçin ölkədən çıxdığı bildirilir

Noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) detektivləri "Kvartal 95" studiyasının həmtəsisçisi, işadamı Timur Mindiçin evində axtarış aparıblar. Mindiç istintaq hərəkətlərindən bir neçə saat öncə ölkəni tərk edib.

Məlumatı AzadlıqRadiosunun Ukrayna xidmətinə hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyib.

"Ukrainska Pravda"nın məlumatına görə, Mindiç ABŞ Federal Təhqiqat Bürosunun (FBI) "pul yuma" ilə bağlı istintaqında fiqurant kimi çıxış edə bilər.

"Kvartal 95" prodakşn şirkəti o vaxt komediyaçı olan, hazırda Ukraynanın prezidenti Volodimir Zelenski ilə birlikdə 2003-cü ildə yaradılıb. T.Mindiç Zelenskinin keçmiş biznes ortağıdır.

İyulda Ukrayna Ali Radası NABU və Korrupsiya ilə Mübarizə üzrə İxtisaslaşmış Prokurorluğun (SAPO) səlahiyyətlərini məhdudlaşdıran, onları baş prokurorun tabeliyinə verən qanun qəbul edib. Ukraynada və dünyada qanunun əleyhinə etiraz aksiyaları keçirilib. Bundan sonra Ali Rada bu dəfə NABU və SAPO-nun müstəqilliyinin bərpası haqqında prezident Zelenskinin təqdim etdiyi qanuna səs verib.

NABU enerji sektorunda böyük əməliyyat aparıldığını bildirir

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) bildirib ki, enerji sektorunda "yüksəksəviyyəli" cinayətkar təşkilatın korrupsiya fəaliyyətini ifşa etmək məqsədilə genişmiqyaslı əməliyyat aparır. Əməliyyat Korrupsiya ilə Mübarizə üzrə İxtisaslaşmış Prokurorluq (SAPO) ilə birlikdə gerçəkləşdirilir.

NABU noyabrın 10-da bildirib ki, istintaq 15 ay davam edib, bu müddətdə təxminən min saatlıq audioyazı toplanıb: "Yüksəksəviyyəli bir cinayətkar təşkilatın fəaliyyəti sənədləşdirilib... Onun üzvləri dövlət sektorundakı strateji müəssisələrə, xüsusən "Energoatom" Səhmdar Cəmiyyətinə təsir göstərmək üçün genişmiqyaslı korrupsiya sxemi qurublar".

Əlavə detallar açıqlanmayıb.

"Energoatom"da axtarış zamanı NABU-nun əməliyyat çəkilişindən kadr.

Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak hazırda ədliyyə naziri olan keçmiş energetika naziri Qerman Qaluşşenkonun evində də axtarış getdiyini bildirib.

Ukraynanın korrupsiyaya qarşı mübarizədə qazandığı irəliləyiş alqışlanır. Amma Qərb hökumətləri, beynəlxalq təşkilatlar və ekspertlər bildirirlər ki, rüşvət və korrupsiya hallarının tam aradan qaldırılması üçün hələ çox iş görülməlidir.

"Korrupsiya riskləri yüksəkdir"

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu ilin əvvəlində hesabatında yazırdı ki, "Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı şəraitində korrupsiya riskləri hələ də yüksəkdir".

İyulda AzadlıqRadiosunun araşdırması Ukraynanın yüksəkvəzifəli gömrük rəsmisinin ailəsinin bahalı daşınmaz əmlak və avtomobillərə malik olduğunu üzə çıxarıb.

Moskva 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayandan az öncə Anatoli Komar gömrük xidmətinin neft, qaz və digər enerji məhsullarının idxal-ixrac rüsumlarını toplayan şöbəsinin rəisi olub. Həmin dövrdə Komarın aylıq maaşı təxminən 2 min dollar idi, ailənin əsas gəlir mənbəyi isə onun həyat yoldaşı Mariya sayılırdı. Mariya tur bələdçisi kimi çalışır, onlayn kurslar təklif edirdi. Onun rəsmi gəliri xeyli yüksək – ayda təxminən 8 min dollar göstərilib.

Lakin ailənin xərclərinin təhlili onların bu səviyyədə yaşayışını təmin etmək üçün daha yüksək gəlirə malik olduqlarını göstərir.

AzadlıqRadiosunun müxbiri Komardan dəbdəbəli həyat tərzinin necə maliyyələşdirildiyini soruşduqda o, şəxsi məsələlər barədə şərh verməyəcəyini deyib. Təkrar soruşulduqda isə Komar bir "xeyli varlı xaç atası"nın ona maliyyə dəstəyi göstərdiyini deyib, amma detallı danışmayıb.