Rusiya Xarkovu vurub. Zelenski Avropada səfərdədir

Yunanıstan baş naziri Kiriakos Mitsotakis Afinada Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edir.

Rusiya Ukraynaya ölümcül hava zərbələrini davam etdirir. Ötən gecə Xarkov vilayətində azı üç nəfər həlak olub. Prezident Volodimir Zelenski Avropa paytaxtlarına səfər edir, ölkəsinə dəstəyi gücləndirməyə çalışır.

Noyabrın 17-də səhər saatlarında Rusiya Ukraynanın Xarkov vilayətində Balakliya dəmiryol qovşağını vurub, üç nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Balakliya hərbi administrasiyasının rəhbəri Vitali Karabanov deyib ki, şəhər mərkəzi hücuma məruz qalıb. Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlayanda Balakliya qısa müddətə işğal altında qalıb, bir neçə aydan sonra azad edilib.

Qış yaxınlaşdıqca Rusiya Ukraynanın enerji infrastrukturlarına hücumları intensivləşdirib. Bu isə enerji çatışmazlığı sarıdan narahatlıqlara səbəb olur.

Bu arada prezident Zelenski Ukraynanın enerji təchizatını və silah tədarükünü gücləndirmək niyyəti ilə Avropa paytaxtlarına səfərə başlayıb. O, noyabrın 17-də Parisdə Fransa prezidenti, Kiyevin tərəfdarı Emmanuel Makronla görüşməlidir. Zelenski bildirib ki, "Fransa ilə böyük bir saziş" üzərində iş gedir, lakin bu səfər zamanı böyük bir açıqlamanın verilib-verilməyəcəyi, hələlik, bəlli deyil.

Zelenski Qərb tərəfdaşlarından Rusiyanın dərinliklərindəki raket buraxılış nöqtələrini məhv etməkdən ötrü əlavə uzaqmənzilli raketlər istəyib. Fransa bundan əvvəl Ukraynanın müdafiəsi üçün "Aster" orta mənzilli raketləri göndərməyi vəd edib.

Ukrayna lideri noyabrın 18-də İspaniyaya səfər etməlidir.

Noyabrın 16-da Afinaya gedən Zelenski gələn aydan 2026-cı ilin martına qədər ABŞ-dən mayeləşdirilmiş təbii qaz idxalı barədə saziş imzalayıb.

Bundan öncə Zelenski qalmaqallı energetika sektorunu yenidən qurmaq vədi verib. Noyabrın 10-da Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumu energetika sektorunda on milyonlarla dollarlıq korrupsiya ilə bağlı "genişmiqyaslı əməliyyat" başladıldığını açıqlamışdı.

Zelenski noyabrın 16-da bildirib ki, azı üç dövlət enerji şirkətinin rəhbərliyi vəzifədən kənarlaşdırılacaq, başqa dəyişikliklər də planlaşdırılır.

Bu islahatlar Zelenskiyə təzyiqləri azaldacaqmı, Ukraynanın Qərb müttəfiqlərini qane edəcəkmi, hələlik, bəlli deyil. Qərb tərəfdaşları Ukraynadan Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizənin getdiyi vaxtda ölkədə kök salmış korrupsiya ilə mübarizədə daha fəal olmağı tələb edirlər.