Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsu “qüdrətli bir addım” ataraq Rusiyanın qələbə günü kimi qeyd etdiyi 9 mayda Kiyevə gəlməyə dəvət edib.
Reuters yazır ki, videobağlantı ilə Londondakı Chatham House analitik mərkəzinə müsahibə verən Zelenski Rusiyanı Mariupoldakı hərəkətlərinə görə kəskin tənqid edib.
Mariupoldakı Azovstal zavodunda Ukrayna döyüşçüləri ilə yanaşı yüzlərlə dinc sakin qalıb.
Ötən ay Almaniya prezidenti Ukraynadan səslənən tənqidlərə görə Kiyevə gəlməkdən intina etdikdən sonra iki ölkə arasında münasibətlər bir qədər soyuyub.
Volodimir Zelenski mayın 6-da Almaniya kansleri Olaf Şoltsu Ukraynaya dəvət edib:
"Biz onu Ukraynaya dəvət edirik. O mayın 9-da Kiyevə gəlməklə qüdrrətli bir siyasi addım ata bilər. Mən bunun əhəmiyyətini izah etmək istəmirəm. Güman edirəm ki, bunu başa düşmək üçün kifayət qədər savadlısınız”.
Buna da bax: Ukrayna Xarkov vilayətində əks-hücuma keçdiyini bildirir
Müqavimət
9 may Rusiyada böyük təntənə ilə qeyd edilən günlərdən biridir. Sovet İttifaqı bu günü Moskvanın Böyük Vətən Müharibəsi adlandırdığı II Dünya Müharibəsində nasist Almaniyası üzərində SSRİ-nin qələbəsi günü kimi qeyd edirdi.
Rusiya hazırda bu ənənəni davam etdirir.
Zelenski ölkənin cənubunda, Azov sahillərində yerləşən Mariupol haqqında danışarkən deyib ki, bu şəhərdə mühasirədə qalan sakinlər və oradakı Ukrayna əsgərləri öldürülərsə Rusiya ilə heç bir danışıqlardan söhbət gedə bilməz.
Mariupol 10 həftə ərzində Rusiyanın hücumlarını dəf edə bilib. Şəhər Rusiya qüvvələrinin əlinə keçsə də oradakı Azaovstal zavodunda istehkam quran Ukrayna döyüşçüləri təslim olmurlar.
Zelenski rusiyalılar barədə deyib:
“Onlar elə bilirlər ki, nüvə dövləti olduqlarına görə hərbi cinayətlərdə ittiham oluna bilməzlər”.