Rusiyanın dron hücumlarından Xersonda 5 nəfər həlak olub

Xerson, arxiv fotosu

Rusiya Ukraynanın cənubundakı Xerson şəhərində mikroavtobusa dron zərbəsi endirib, 4 nəfər həlak olub. Ukrayna prezidenti Volodimir Zelenski hücumu “qəddar” adlandırıb.

Şəhərin mərkəzi hissəsində avtomobilə dron hücumunda isə bir qadın ölüb, bir kişi yaralanıb.

Rusiya hadisələrlə bağlı açıqlama verməyib. Amma Moskva 2022-ci ilin fevralında qonşu Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədə mülki şəxsləri hədəfə aldığını inkar edir.

“Rusiyanın Xersonda insanlarımıza qarşı qəddar ‘safarisi’ artıq çoxdan normal insanın təsəvvür edə biləcəyi hər şeyi aşıb”, – Zelenski X-də yazıb.

Ukraynalılar dronların küçələrdə mülki şəxsləri və ya avtomobilləri “ovlamasını” “safari” adlandırır. Bu ayın əvvəlində Xersonda dronun tərəvəz satıcısını təqib edərək yaralamasını göstərən video yayılmışdı.

Zaporojyeyə zərbədən bir nəfər ölüb, 7 nəfər xəsarət alıb

Avqustun 19-na keçən gecə Rusiya qüvvələri Zaporojyeyə hücum edib. Bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

Zərbədən hosteldə və mebel mağazasında yanğınlar başlayıb.

Səhər saatlarında isə şəhər yenidən hücuma məruz qalıb. İdarəolunan aviabombanın zərbəsindən fərdi yaşayış evi dağılıb.

Balakleya şəhərinə dron hücumundan bir ailə zərər çəkib, ata qəlpə yaraları alıb.

Ukrayna Silahlı Qüvvələri isə gecə ərzində Ukraynaya 65 dron və iki “İsgəndər-M” raketi ilə hücum edilib. Dronlardan 56-sı vurulub.

Avqustun 19-na keçən gecə Ukrayna dronları Rusiyanın bir neçə regionuna hücum edib.

Ufada sənaye müəssisəsi hücuma məruz qalıb, sənaye zonasında yanğın başlayıb. Ümumilikdə regiona altı dronla hücum edilib, onlardan dördü vurulub.

Nijni Novqorod vilayəti də hücuma məruz qalıb, yaşayış evlərinə, avtomobillərə və çoxmənzilli binaya ziyan dəyib. Xəsarət alan olmayıb.