Zamin Salayev azadlıqda…

Zamin Salayev

Müxalif Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayev yanvarın 19-da azadlığa buraxılıb. O bildirib ki, ötən ilin noyabrında Milli Məclisdə qəbul edilmiş Amnistiya aktı ilə azadlığa çıxıb: "3 ilə qədər həbs cəzası olanlar həbs müddəti bitməsinə 6 ay qalmış azadlığa çıxır".

"Gözlərim, demək olar ki, fəaliyyətini itirib…"

Z.Salayev qeyd edib ki, həbsdə olan müddətdə səhhətində ciddi problemlər yaranıb: "Gözlərim, demək olar ki, fəaliyyətini itirib, ayaqlarım tutulur, daxili orqanlarımda da problem var. Hamısı həbsdə gördüyüm işgəncələrin və keçirdiyim aclıq aksiyaların nəticəsidir".

O, həbsdən əvvəlki siyasi fəaliyyətini davam etdirəcəyini bildirib.

Z.Salayevin ötən ilin sentyabrında təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirdiyi açıqlanmışdı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı

Cəbhəçinin bütün bu dediklərinə, hələlik, Penitensiar Xidmətdən və ya başqa uyğun rəsmi qurumdan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən, bir qayda olaraq, bildirilir ki, məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

Ötən il noyabrın 5-də Azərbaycan Parlamenti Amnistiya akti haqqında qərar layihəsini qəbul edib. Aktın ümumilikdə 17 min civarında məhbusa şamil ediləcəyi, onlardan 3 mininin sırf həbsdən azadlığa buraxılacağı bildirilib.

Xatırlatma

Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan bir qadına təcavüzdə ittiham edirdi. Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.