AXCP Salyan rayon şöbəsinin həbsdə olan sədri Zamin (Əlizamin) Salayevin 114 gün öncə elan etdiyi aclıq aksiyasını dayandırdığı bildirilir.
AXCP-dən Ceyhun Novruzov AzadlıqRadiosuna deyib ki, Z.Salayev bu gün, iyunun 1-də ona zəng vuraraq aclıq aksiyasını dayandırdığını söyləyib: "Dedi ki, ona apellyasiya məhkəməsində işinə ədalətli baxacaqlarına söz veriblər. Ona görə aksiyanı müvəqqəti dayandırıb".
C.Novruzovun sözlərinə görə, Z.Salayev amma ad çəkməyib. Onun vurğulamasına görə, Z.Salayev ona səhhətinin də çox ağırlaşdığını söyləyib: "Mənə dedi ki, çəkisi artıq 68 kilodur. O, 50 kilo arıqlayıb. Yalnız həkimlərin köçürdüyü sistemlərin nəticəsində sağ qalmışdı. Vurğulamasına görə, dünən, mayın 31-də həkimlər ona deyib ki, bədəni artıq sistem də qəbul etmir".
Amma bu məlumatlara, hələlik, rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Müdafiə tərəfi bundan öncə isə Z.Salayevin artıq yeriyə bilmədiyini, başqalarının köməyi ilə hərəkət etdiyini açıqlamışdı.
Təqribən 10 gün öncə, mayın 22-də Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun verdiyi hökmlə Z.Salayev 4 il həbs cəzası alıb. O, fevralın 7-dən həbsdədir. AXCP fəalı Cinayət Məcəlləsinin (CM) 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunurdu.
Z.Salayev özünü təqsirli bilmirdi və həbsinin səhərisi aclıq aksiyasına başladığını açıqlamışdı.
Salayev bundan öncə dəfələrlə polisin qanuni tələbinə tabe olmama və başqa ittihamlarla bir neçə dəfə inzibati qaydada həbsdə olub. O, 2020-ci ilin aprelində isə Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə 2 il 3 ay azadlıqdan məhrum edilmişdi. Salayev onda da ittihamı qəbul etmirdi.