Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirir

Z.Həsənov, R.T.Ərdoğan və H.Akar

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Müdafiə naziri Zakir Həsənov fevralın 1-də bu ölkənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə görüş olub: "İşgüzar görüşlərdə regional təhlükəsizlik, eləcə də Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib".

Məlumata görə, birgə təlimlərdə hərbçilərin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin bundan sonra da keçirilməsinin vacibliyini qeyd ediblər.

"Görüşlərdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir. Bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir", - məlumatda qeyd edilib.

Türkiyə prezidenti Azərbaycan nazirini qəbul edib

Bu gün, fevralın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəbulda Türkiyə Milli Müdafiə naziri Hulusi Akar da iştirak edib.

Z.Həsənovun Türkiyə səfəri elə bu gün, fevralın 1-də başlayıb. Sabah, fevralın 2-nə kimi davam edəcək bu səfər çərçivəsində gerçəkləşən görüşlərdə iki ölkənin hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.