Azərbaycan müdafiə naziri Zakir Həsənov Çin Xalq Respublikasının milli müdafiə naziri Don Cunun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində səfərdədir.
Azərbaycan Müdafiə Nazirliyinin (AMN) məlumatına görə, sentyabrın 18-də o, "Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi" şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.
Forum çərçivəsində Z.Həsənov çinli həmkarı admiral D.Cun və Mərkəzi Hərbi Şuranın Avadanlıqların İnkişafı Departamentinin direktoru general Şu Şueçin ilə görüşüb.
"Keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb", - məlumatda əlavə edilir.
Forum sentyabrın 19-dək davam edəcək.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Bu il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib. Amma Azərbaycan müxalifəti hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.