Martın 8-də saat 15 radələrində Bakının mərkəzi Fəvvarələr meydanında bir qrup fəal "8 Marş - Yaşamaq istəyirik" yürüşünə başlayıblar. Onlar "Qoru həyatımızı, artır rifahımızı", "Qadın qətlləri siyasidir", "Konvensiyanı rədd etmə, qadınları qətl etmə", "Barışdırma, araşdır" və başqa şüarlar səsləndiriblər. Fəallar qadın qətllərinə və zorakılıq hallarına etiraz etdiklərini vurğulayıblar.
Bir qədər irəlilədikdən sonra polis əməkdaşları aksiya iştirakçılarını dövriyyəyə alaraq yürüşün davam etməsinə imkan verməyiblər. Buna etiraz olaraq aksiyaçılar "Qadının önünü kəsmə", "Polis zorakılığına son" şuraları səsləndiriblər.
Lakin bir qədər sonra aksiya iştirakçılarının irəliləməsinə şərait yaradılıb və onlar bəyanatını səsləndiriblər. Aksiya zamanı saxlanılan olmayıb.
Bəyanatda onlar qadınların təhlükəsizliyinin təmin edilməsi, onların siyasi qisas alətinə çevrilməməsi, qadınlara qarşı cinayətlərin araşdırılması və ölkənin İstanbul Konvensiyasına qoşulması kimi tələblərə yer veriblər. Onlar həmçinin həssas qruplardan olan qadınların maddi təminatı üçün proqramların həyata keçirilməsini istəyiblər.
Aksiyaya və orada səslənən tələblərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
8 mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Azərbaycanda qeyri iş günü sayılır.
Xatırlatma
Söhbət 2011-ci il mayın 11-də imzalanmaya İstanbulda açıq elan olunduğu üçün "İstanbul Konvensiyası" adı ilə tanınan Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Konvensiyadan gedir.
Qısaca deyilsə, İstanbul Konvensiyası qadınları hər cür şiddətdən, ayrıseçkilikdən qorumağı, qadın və kişilər arasında bərabərliyi təşviq etməyi, bu məqsədlər üçün hərtərəfli tədbirlər hazırlamağı hədəfləyir. Azərbaycan rəsmiləri, hələlik, bu konvensiyaya qoşulmaq niyyətində olmaları ilə bağlı fikir söyləməyiblər.