Azərbaycanda yumurta bahalaşıb

Yumurta

Son günlər Azərbaycanda yumurta bahalaşıb. İstər paytaxt Bakı, istərsə də ölkənin bölgələrində yaşayan sakinlərin AzadlıqRadiosuna bildirməsinə görə, bahalaşma həm kənd, həm də broyler yumurtasında özünü göstərir.

Ayrı-ayrı rayon sakinlərinin sözlərinə görə, bazarlarda kənd yumurtasının bir ədədi 45-50 qəpiyə qədər yüksəlib. Bir qədər əvvəl kənd yumurtası 40 qəpikdən belə ucuz olub.

Paytaxt sakinlərinin deməsinə görə, marketlərdə broyler yumurtalarının qiymətində də bahalaşma var. Hazırda broyler yumurtasının bir ədədi 17-20 qəpiyə təklif edilir. Bir neçə gün əvvəl isə broyler yumurtası 14-15 qəpiyə satılıb.

"Qəhvəyi yumurtalar var. Əvvəl bir ədədi 17 qəpiyə təklif edilirdi. İndi marketdə 35 qəpiyə yüksəlib", - adının çəkilməsini istəməyən bir paytaxt sakini vurğulayıb.

Rəsmilər hələlik bu məsələyə münasibət bildirməyiblər.

Ekspertlər isə bunu bir neçə səbəblə izah edirlər. Onların deməsinə görə, quş yemi və dava-dərmanında bahalaşma var. Üstəlik, onlar əlavə ediblər ki, rayonlarda ev təsərrüfatlarının sayında da azalma var.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında 1 milyard 975.2 milyon ədəd yumurta istehsal edilib. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 3 faiz artıb.

Amma bu il yumurta ixracında da artım olduğu bildirilib.