İyulun 14-də Ukrayna Ali Radası baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib. Bu qərar bütün hökumətin avtomatik istefaya getməsi deməkdir.
AzadlıqRadiosunun Ukrayna xidmətinin məlumatına görə, 258 deputat qərarın lehinə səs verib.
Yuliya Sviridenko hökumətə təxminən bir il rəhbərlik edib. Parlament onu baş nazir vəzifəsinə 2025-ci il iyulun 17-də təsdiqləmişdi.
Hələlik, yeni baş nazir vəzifəsinə namizədin kim olacağı barədə rəsmi açıqlama verilməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 12-də Nazirlər Kabinetinin yenilənməsinin vacibliyindən danışıb, hüquq-mühafizə orqanlarının rəhbərliyində də dəyişikliklərin olacağını elan edib.
Prezident Zelenski Sviridenkoya baş nazir kimi "aydın, sabit və səmərəli fəaliyyətinə görə" təşəkkür edib, ona "əsas tərəfdaşlarla münasibətlərdə yeni mühüm istiqamətə rəhbərlik etməyi" təklif etdiyini bildirib.
Sviridenko Zelenski ilə görüşdən sonra baş nazir postunu tərk etdiyini faktiki təsdiqləyib. "Ukrainska Pravda" nəşrinin iyulun 14-də yazdığına görə, dövlət başçısına yaxın mənbələr Sviridenkonun Ukraynanın ABŞ-də səfiri vəzifəsini tutmağa hələ razılıq vermədiyini bildiriblər.
"Ukrainska Pravda" qeyd edib ki, deputat Yaroslav Jeleznyak daha əvvəl Sviridenkonun ABŞ-yə səfir təyin oluna biləcəyini istisna etməyib.