Bakıda yük maşınları ilə yolu bağlayaraq korrupsiya və məmur özbaşınalığına etiraz aksiyası keçirəndən sonra həbs olunan "R Group Azerbaijan" yükdaşıma şirkətinin rəhbəri Rəmiş Cəfərovun cəzası yenidən ağırlaşdırılıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınları bildirib ki, onun növbəti dəfə cəzaçəkmə müəssisəsindən 1 illik həbsxana rejiminə köçürülməsinə qərar verilib: "İllərdir günahsız həbsdə saxlanması bir yana, əsassız cəzanı da normal şəkildə çəkməsinə imkan verilmir. Keçən ilin iyununda onu bir illik həbsxana rejiminə göndərdilər. Müddət başa çatdı, heç imkan vermədilər ki, gəldiyi cəzaçəkmə müəssisəsində ümumi yaşayış sahəsində qalsın. Gələndən ardıcıl karsa salındı, haqqında akt tərtib olundu. Açıq-aşkar imkan vermədilər orada qalmağa. Yenə təqdimat hazırlandı və sentyabrda bir daha qərar verdilər ki, həbsxana rejiminə köçürülsün".
36 yaşlı R.Cəfərov 2022-ci ilin fevralından həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Cəfərov ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili, saxta sənəd hazırlama, dələduzluq kimi əməllərdə təqsirləndirilib. Özü isə bu ittihamların heç birini qəbul etmir, etiraz aksiyasına görə cəzalandırıldığını bildirir.
2022-ci ilin fevralın 17-də Heydər Əliyev prospektində "R Group Azerbaijan" şirkətinin sürücüləri beynəlxalq yükdaşımalar üçün lazım olan icazə vərəqələrinin verilməməsinə etiraz ediblər. Yük avtomobillərinin üzərində "Müflis olmuşuq!", "İcazə vərəqələrini verin!", "Məhsullar xarab olmaq üzrədir!" yazılmışdı.
Daşıyıcıların dediyinə görə, icazələrin verilməməsi yük avtomobillərinin hərəkətini dayandırır, daşınan məhsulların xarab olması təhlükəsini yaradır, müqavilələr üzrə öhdəliklərin icrasına mane olur və şirkəti müflisləşmə həddinə çatdırırdı.
Etiraz edən sürücülərdən üçünə o zaman inzibati qaydada 30 sutka həbs cəzası verilsə də, şirkətin rəhbəri R.Cəfərov haqqında cinayət işi başlanmışdı.
Həbsdə də korrupsiya iddialarını qaldırıb
Yaxınları deyir ki, Cəfərov həbsdə olduğu dövrdə də icazə vərəqələri ilə bağlı korrupsiya iddialarının araşdırılmasını tələb edib. Bu məsələ ilə bağlı materiallar onun haqqındakı cinayət işindən ayrılaraq, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Ancaq 2023-cü ilin iyulunda o iş üzrə də cinayət işi başlanması rədd edilib. Cəfərov sonrakı illərdə də prokurorluq orqanlarına və məhkəmələrə bu mövzuda şikayətlərini davam etdirib.
"Rəmiş Cəfərov həbsdə olduğu müddətdə çox məhdudiyyətlərlə üzləşib. Telefon danışıqlarına məhdudiyyət qoyulub, məhkəməyə ərizə göndərməsinə maneə yaradılıb, karsda olduğu vaxt ona yeni cəza verilib və s. Onun başına gələnlər – ardıcıl həbsxana rejiminə köçürülməsi onu korrupsiya ilə bağlı şikayətlərindən, sahibkarların hüquqlarının müdafiəsindən çəkindirmək üçün verilən cəzadır", – yaxınları belə deyir.
Rəsmi qurumlar nə deyir
Penitensiar Xidmətdən R.Cəfərova qarşı qərəzli münasibət barədə deyilənlərə şərh almaq mümkün olmayıb. Bu qurumdan verilən öncəki açıqlamalarda isə bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan məhkumların qanunda nəzərdə tutulan bütün hüquqları təmin olunur, onlara qarşı heç bir ayrıseçkiliyə yol verilmir.
R.Cəfərovun cəza rejiminin ağırlaşdırılması ilə bağlı məhkəməyə təqdimatda isə onun cəzaçəkmə müəssisəsində daxili intizam qaydalarına əməl etmədiyi iddia olunub.
2022-ci il fevralın 17-də sürücülərin Heydər Əliyev prospektində keçirdiyi etiraz aksiyasından sonra Dövlət Avtomobil Nəqliyyatı Xidməti açıqlama yayaraq, R.Cəfərovu ittiham etmişdi: "Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. "İcazə" blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurur. Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını hədələməklə məşğul olub".
R.Cəfərovla eyni cinayət işi üzrə işi üzrə onun özü ilə yanaşı, atası Zəkrəm Cəfərov da məsuliyyətə cəlb edilmişdi. Lakin atası həbs olunmadı, ona şərti cəza verildi.