ABŞ-ın Ukraynadakı keçmiş səfiri Trump-a dair Konqres araşdırmasına ifadə verib

Marie Yovanovitch

ABŞ-ın Kiyevdəki keçmiş səfiri Marie Yovanovitch oktyabrın 11-də Konqresdə qapalı dinləmədə ifadə verib.

Dinləməni prezident Donald Trump-ın impiçment araşdırmasını aparan Xarici İşlər, Kəşfiyyat və Büdcə Nəzarəti komitələri keçirirlər.

Amerikanın səsi radiosu bildirir ki, dinləmə qapalı keçirilsə də, Yovanovitch-in giriş nitqi açıq dərc olunub.

Keçmiş səfir iddia edib ki, onun bu ilin yazında təcili qaydada geri çağırılması Trump-ın təşəbbüsü ilə olub.

Yovanovitch deyib ki, prezident onun barəsində yalan məlumat yayanların ona qarşı apardıqları kampaniyaya inanıb.

2016-cı ildən 2019-cu ilin mayınadək ABŞ-ın Ukraynadakı səfiri olmuş Yovanovitch bildirib ki, o öz fəaliyyəti boyunca Birləşmiş Ştatların maraqlarını müdafiə edib və Ukraynadakı korrupsiyaya qarşı mübarizə aparıb.

Keçmiş səfirin sözlərinə görə, onun geri çağırılmasında korrupsiya ilə bağlı olan şəxslər maraqlı ola bilərdilər.

Buna da bax: ABŞ-ın Ukraynadakı keçmiş nümayəndəsi Konqresdə ifadə verib

Fəaliyyətinin Ukraynanın yeni prezidenti Volodymyr Zelenskiy tərəfindən mənfi qiymətləndirilməsinə baxmayaraq, Yovanovitch, o vaxt bildirmişdi ki, Zelenskiy-nin prezident seçilməsi Ukrayna xalqının korrupsiyanın kökünün kəsilməsini istədiyini göstərib.

Xanım Yovanovitch habelə deyib ki, keçmiş vise-prezident Joe Biden-in oğlu ilə heç bir münasibəti olmayıb.

Hazırda ABŞ Konqresindəki demokratlar Trump-ın Ukrayna prezidenti Zelenskiy ilə 25 iyul tarxli telefon söhbətini araşdırırlar.

Onlar iddia edirlər ki, bu söhbət zamanı Trump ukraynalı həmkarına təzyiq göstərərək onun Biden və oğlu haqqında cinayət təhqiqatına başlanmasına göstəriş verməsinə nail olmağa çalışıb.

Donald Trump bu həftə bildirmişdi ki, onun administrasiyasından olan rəsmilər Konqres təhqiqatı ilə əməkdaşlıq etməyəcəklər. Buna baxmayaraq Yovanovich əvvəlcədən planlaşdırıldığı kimi Konqresin çağırışı ilə oktyabrın 11-də dinləməyə gəlib.

Buna da bax: Trump-ın vəkilinə bağlı iki 'keçmiş sovet vətəndaşı' Nyu Yorkda həbs edilib

Ondan əvvəl oktyabrın 3-də ABŞ Dövlət Departamentinin Ukraynadakı xüsusi nümayəndəsi Kurt Volker Konresdə ifadə vermişdi.

Associated Press xəbər verirdi ki, Yovanovitch-in səfirlikdən geri çağırılmasına onun Trump-ın şəxsi vəkili Rudy Giuliani-nin Ukrayna tərəfinə Biden barədə araşdırma aparılmasını istəməsinə dair materialların rəsmi kanallarla ötürülməsini tələb etməsi olub.

Trump-ın şəxsi vəkili Ukraynada ABŞ-ın keçmiş vise-prezidenti Joe Biden və onun oğluna dair cinayət təhqiqatına başlanmasına nail olmaq istəyirdi.

Biden-in oğlu Hunter bir müddət Ukraynadakı enerji şirkətlərindən birində çalışırdı. Trump ata-oğul Biden-ləri korrupsiyada ittiham edir.