Gələn il yol vergisi 3 dəfədən çox artacaq

İrana gedən yük maşınları

Gələn ilin büdcəsində müxtəlif sahələr üzrə vergilərin artacağı gözlənilir. Onlardan xüsusilə yol vergisi üzrə artım diqqət çəkir.

Hesablama Palatasının 2026-cı il büdcə layihəsi ilə bağlı rəyində bildirilir ki, növbəti ildə yol vergisi üzrə proqnoz 334.4 milyon manat nəzərdə tutulur. Bu göstərici 2025-ci ilin proqnozu ilə müqayisədə 228.6 milyon manat və ya 3.2 dəfə çoxdur.

"Yol vergisinin artırılması növbəti ildən İcbari Tibbi Sığorta Fondunun gəlir mənbələri ilə bağlı dəyişikliklərdən irəli gəlir. Belə ki, avtomobil benzini, dizel yanacağı və maye qazın idxalı və daxili istehlakından toplanaraq Fonda yönəldilən vəsaitlər dövlət büdcəsinə yönəldiləcək. Eyni zamanda, bu vergi növü üzrə vergi dərəcələrinin artırılması da proqnoz məbləğinin artırılmasına təsir edən amillərdəndir", - rəydə vurğulanır.

Yol vergisi nədir?

Yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələrinə ölkə ərazisinə daxil olduqda, yaxud çıxdıqda tətbiq edilir. Həmçinin, ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının, maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisi ödəyiciləridir.

Layihədə 2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43.8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcək. Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8.5 faiz çoxdur.

2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon manat müəyyən edilib. Gələn il dövlət büdcəsinin gəlir və xərclərində bir neçə yüz milyon manatlıq artım proqnozlaşdırılır.