Yol polisi avtomobilin şüşəsini sındıra bilərmi? – hüquqşünas izah edir

Sürücü Sabir Əliyev

Yol polisi avtomobilin şüşəsini sındırır, sürücü saxlanılır... Bu görüntülər TikTok platformasında canlı yayım zamanı qeydə alınıb. Kadrlardan görünür ki, polisin tələblərinə tabe olmayan sürücü maşından düşməkdən imtina edir, bundan sonra isə polis əməkdaşları avtomobilin ön şüşəsini sındırırlar.

DİN nə deyir?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, konstruksiya dəyişikliyinə görə duracağa aparılması barədə qərar çıxarılan və axtarışda olan “Hyundai” markalı avtomobilə "saxla" əmri verilib. Amma 24-yaşlı sürücü Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərib: "Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq ərazi polis şöbəsinə gətirilməsi təmin edilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür".

Saxlanılan şəxsin özü və ya vəkili ilə əlaqə saxlayıb mövqe öyrənmək mümkün olmayıb.

Tabesizlik sayılır, amma...

Hüquqşünas Yalçın İmanov bildirir ki, sürücünün "saxla" əmrinə tabe olmaması və ya sənədləri verməkdən imtinası inzibati xəta (tabesizlik) hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinə tabe olmama 100 manat cərimə və 4 cərimə balı ilə cəzalandırılır.

Bununla belə, hüquqşünas vurğulayır ki, yol polisinin tabesizlik göstərən sürücüyə qarşı zorakılıq tətbiq etməyə və onun avtomobilinə zərər vurmağa ixtiyarı yoxdur. Onun sözlərinə görə, belə vəziyyətdə post-patrul xidməti əməkdaşları çağırılmalıdır: "Sürücünü ünsiyyətə məcbur etmək üçün avtomobilə ziyan vurulması həm "Polis haqqında" Qanuna, həm də polisin etik davranış qaydalarına ziddir. Başqasının əmlakına qəsdən zərər vurulması inzibati və ya cinayət məsuliyyəti yaradır. Bu cür hərəkətə yol vermiş polis əməkdaşı barəsində mütləq xidməti araşdırma aparılmalıdır".

Y.İmanov əlavə edib ki, güc tətbiqi yalnız qanunla nəzərdə tutulmuş hallarda və zərurət olduqda mümkündür. Amma hər bir halda, tədbirlər təhlükəsizlik və qanunilik prinsiplərinə uyğun olmalıdır.