Yerusəlimdə yenidən adamlara atəş açılıb, azı iki nəfər yaralanıb

Atışma baş verən yerin yaxınlığı

Atəş açan 13 yaşlı yeniyetmə saxlanılıb, bir gün əvvəl 7 nəfərin ölümünə səbəb olan 21 yaşlı silahlı isə polislə atışmada öldürülüb

Yanvarın 28-i Yerusəlimdə açılan atəş nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.

Təcili yardım xidmətinin könüllüləri olan zərəçəkənlər 59 və 23 yaşlı ata-oğuldur.

Atışma İr-David ərazisində baş verib. Bu, Məbəd dağının cənubundakı dar dağ silsiləsində yerləşən Yerusəlimin ən qədim məhəlləsidir. Hücumçu "Aderet" yəhudi evinin girişinin yaxınlığında atəş açıb.

Son məlumatlara görə, atəş açan 13 yaşlı yeniyetmə saxlanılıb. Polis hadisəni terror aktı adlandırıb.

Yanvarın 27-də də Xolokostu anma günü Yerusəlimdə naməlum şəxs sinaqoqa gələnlərə atəş açıb. Atışma nəticəsində azı 7 nəfərin həlak olduğu, biri 15 yaşlı yeniyetmə olmaqla üç nəfərin də yaralandığı bildirilir.

Yerusəlimdə əsasən fələstinlilərin yaşadığı məhəllənin 21 yaşlı sakini olan hücumçu polislə atışmada öldürülüb.

Ehtimallara görə, o, Həmas qruplaşmasına yaxın olub. Polis onun tək hərəkət etdiyini deyib.

Buna da bax: İsraillə Fələstin bir-birinə raket zərbələri endirib

Polis komissarı Yakov Şabtayın dediyinə görə, hücumçu əvvəlcə "yolunda olan hər kəsə atəş açmağa başlayıb. O, maşınına minərək yaxın məsafədən tapança ilə öldürməyə başlayıb". Şabtai hadisəni "son illərin ən dəhşətli terror aktlarından biri" adlandırıb.

İsrail yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq yanvarın 27-nə keçən gecə İsrail ordusu Qəzza zolağına raket zərbələri endirib.

Ehtimal olunur ki, bu həmin raket zərbələrinə bölgənin ərəb əhalisinin qisası ola bilər.

İsrail ordusu, sərhəd polisi və ümumi təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərindəki qaçqın düşərgəsində apardığı reydlərdən sonra tərəflər bir-birinə raket zərbələri endiriblər.

İsrail tərəfi bildirir ki, reyd İsrailə qarşı hücumlar planlaşdıran “İslami Cihad” radikal qruplaşmasının üzvlərinə qarşı olub.

Buna da bax: Ərdoğan və Netanyahu münasibətlərin yaxşılaşdırılmasından danışıblar

Fələstin Administrasiyasının məlumatına görə, həmin vaxt atəş nəticəsində azı bir nəfər mülki şəxs olmaqla 11 nəfər ölüb.

Münaqişənin kəskinləşməsi ABŞ dövlət katibi Entoni Blinkenin Yaxın Şərqə turnesinin başlanması fonunda baş verir. Dövlət Departamentinin rəhbəri Misir, İsrail və İordan çayının qərb sahilinə səfər etməyi planlaşdırır.