Ötən gecə bir avtomobil Yerevanın mərkəzində təhlükəli hərəkətlər edib. Azadtutyun-un yazdığına görə, “Hammer” markalı avtomobil əvvəlcə Hökumət Evinin yaxınlığındakı səkiyə çıxıb, daha sonra Xarici İşlər Nazirliyinin keçmiş binasına tərəf dönüb.
Məlumatda qeyd olunur ki, bu müddət ərzində polis avtomobili saxlaya bilməyib, görüntülərdə atəş səsləri eşidilib.
Daha sonra sosial platformalarda yayılan videolarda polisin həmin avtomobili saxladığı görünür.
Gecə yarısından az sonra polisin informasiya şöbəsi Azatutyuna bir "Hammer“ markalı avtomobilin saat 23 radələrində patrul əməkdaşlarının tələblərinə əməl etməyərək vətəndaşlara və polisə qarşı təhlükəli hərəkətlər etdiyini bildirib.
Avtomobilin hərəkətini dayandırmaq üçün təkərlərə atəş açıldığı bildirilir. Qeyd olunur ki, polis avtomobilin saxlandığını bildirsə də sürücünün hadisə yerindən qaçması və hadisə zamanı zərərçəkənlərin olub-olmadığı barədə məlumat verilmir.
Amma bir qədər sonra polisin yaydığı məlumatda 25 yaşlı sürücünün tapılıb saxlanıldığı bildirilib.