Yerevan Putini həbs etməmək üçün Moskva ilə müqavilə imzalaya bilər

Akob Arşakyan, 8 aprel 2020

Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi halda Yerevanın onu Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə həbs etmək niyyəti və istəyi yoxdur.

Bunu “Armenpress”ə müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.

“Biz Rusiyanın səsləndirdiyi narahatlıqları eşitdik və düşünürəm ki, Roma Nizamnaməsi ilə bağlı gələcək prosesin təmin edilməsinin Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsini təmin edə biləcəyik”, - Arşakyan bildirib.

Buna da bax: Rusiya Yerevanın Haaqa məhkəməsinə qoşulmasını ‘yolverilməz’ sayır

Vitse-spiker onu da əlavə edib ki, Yerevan Moskva ilə müqavilə bağlaya bilər və bu zaman Roma Əsasnaməsi iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək.

Arşakyanın sözlərinə görə, ötən gün Ermənistan başqa ölkə ilə də analoji saziş imzalayıb. Amma o həmin ölkənin adını açıqlamayıb.

Martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib.

Buna da bax: Ermənistan Putini həbs edə biləcək?

Analoji order Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovaya münasibətdə də verilib.
Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin Əsas Qanununa zidd olmadığı barədə qərar verib.

Əgər İrəvan Roma Statutunu ratifikasiya etsə, o zaman nizamnamə sənədinə uyğun olaraq, Ermənistan hakimiyyəti Ermənistana səfər edəcəyi təqdirdə Putini həbs etməyə borclu olacaq.