Ermənistan müxalifəti iyunun 9-da Yerevandakı Fransa meydanından Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısına yürüş edib.
Azadlıq Radiosunun erməni xidməti yazır ki, müxalifətdə olan “Ermənistan” fraksiyası və “Daşnakstyun” partiyasının üzvü, parlamentin sədr müavini İşxan Saqatelyan bildirib ki, onların Lavrova açıq mesajları var və onu bildirmək üçün bura gəliblər.
“Öncə deyəcəyik ki, ölkəmizə xoş gəlmisiniz, amma biz açıq şəkildə bildirəcəyik ki, siz Ermənistan hökumətini təmsil edən insanlarla danışıqlar aparırsınız, amma onların Ermənistanla heç bir əlaqəsi yoxdur. Onlarla əldə olunan istənilən razılaşma etibarsız olacaq, çünki yeni güzəştlərə getmək üçün onların xalqdan mandatı yoxdur”, deyə Saqatelyan bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Yerevanda ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşür.
Müxalifət Paşinyanın istefasını tələb edir.
Ermınistan müxalifəti aprelin sonunlarından baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.
Müxalifət Paşinyan hökumıtini Dağlıq Qarabağın statusu məsələsində Azərbaycana birtərəfli güzəştə getməyə hazırlaşmaqda günahlandırır.
Buna da bax: Yerevanda müxalifət fəalları polislə toqquşub
Ermənistan hakimiyyəti isə ittihamları rədd edir, əksinə Azərbaycanla sülh danışıqlarında, o cümlədən yekun status məsələsində Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək niyyətində olduğunu bildirir.
Hakimiyyətin dediyinə görə, müxalifətin etiraz aksiyaları və tələbləri ölkə əhalisinin güniş təbəqəsi tərəfindən dəstəklənmir.
Xatırlatma
Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə və sonda atəşkəs bəyannamısi ilə 30 ilə yaxın Ermənistanın işğalında olan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağdakı erməni icması ilə Azərbaycan ordusu arasındakı təmas xətti və Laçın dəhlizində isə Rusiya hərbçiləri yerləşdirilib.
Amma hələ ki, iki ölkə arasındakı sərhədlər müəyyən edilməyib və kommunikasiya-nəqliyyat əlaqələri bərpa olunmayıb.