Ermənistan və Azərbaycan ekspertlərinin bugünlərdə Yerevanda keçirilməsi planlaşdırılan müzakirələri təxirə salınıb. AzadlıqRadiosunun erməni xidməti Yerevan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyana istinadən görüşün Azərbaycan tərəfinin istəyi ilə "gərginlik azalanadək" təxirə düşdüyünü yazır.
Navasardyan iki ölkədə "Sülh Korpusu" formatında keçirilən müzakirələrdə iştirak edən vətəndaş cəmiyyəti təmsilçilərindəndir.
"Bu, əvvəlcədən planlaşdırılmış görüş idi və biz belə görüşlərin təxirə salınmaması, baş tutmasının tərəfdarıyıq", – B.Navasardyan bildirib.
Onun sözlərinə görə, "Ermənistan tərəfi bu kəskin vəziyyətdə bir araya gəlməyin, qarşılıqlı anlaşmaya can atmağın, eləcə də media və cəmiyyətdə arzulanan ab-havanın yaradılması üçün ortaq məxrəcə gəlməyin vacib olduğunu düşünürdü. Amma, görünür, Azərbaycandan olan tərəfdaşlarımız bu mərhələdə ünsiyyət qurmağı məqsədəuyğun hesab etmirlər".
Azərbaycan tərəfi hələlik bu xəbəri təsdiqləməyib. İndiki vəziyyətin niyə kəskin, yaxud gərgin olması barədə də Ermənistan tərəfindən əlavə açıqlama verilməyib.
Bu həftə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində görüşəcəyi gözlənilir.
Kilsə əhvalatı
Son günlər Ermənistanda müxalifət və bəzi ictimai xadimlər Azərbaycan rəsmisinin Qarabağdakı 13-cü əsr kilsəsi ilə bağlı dediklərindən narazılıq bildirirlər. Prezidentin köməkçisi Hikmət Hacıyev sentyabrın 12-də xarici diplomatların Qarabağa səfəri zamanı Gəncəsər və Xudavəng kilsələrini "Qafqaz Albaniyasının qədim xristian irsinin ayrılmaz hissəsi" adlandırıb. Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan Hacıyevin iddialarının "əsassız" olduğunu deyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ötən həftə H.Hacıyev ilə danışdığını bildirib. Ondan Gəncəsərin erməni monastırı olduğunu deyib-demədiyini soruşanda isə Simonyan Yerevanın bu cür məsələlərdə ehtiyatlı davranmalı olduğuna işarə edib: "Biz kimin haqlı, kimin haqsız olduğunu müzakirə etmirik. Demək istədiyim odur ki, bizim də baxışımız var, onların da. Mənim işimin məqsədi bu baxışların toqquşmasının qarşısını almaqdır. Məsələn, mən Gəncəsərin erməni monastırı olduğunu desəm, bu, bizi hara aparar?".
Xatırlatma
İndiyədək Ermənistan və Azərbaycan ekspertləri bir neçə qarşılıqlı görüş keçiriblər. Bu xüsusda, Azərbaycan ekspertləri "Yerevan Dialoqu -2026" beynəlxalq konfransında iştirak üçün mayda Yerevana gediblər. Bundan əvvəl də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistanda səfər ediblər. Ötən ilin noyabrında isə Ermənistan vətəndaş cəmiyyətinin təmsilçiləri Bakıya gəliblər.
Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Ağ evin Oval kabinetində ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. "TRIPP" adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri götürüləcəyi vurğulanır. Sənəddə habelə mübahisəli məsələlərin dialoq yolu ilə həllinin vacibliyi qeyd olunur.