"Azərbaycan Respublikasının suveren ərazilərində hər hansı tədbiri təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı Ermənistanın kompetensiyasına aid bir məsələ deyil. Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və yolverilməzdir".
Martın 20-də Azərbaycan Xarici İşlər Nazirliyin (XİN) sözçüsü Leyla Abdullayeva Ermənistanın BMT nümayəndələrinin Şuşaya səfərinə etdiyi etiraza belə reaksiya verib.
Nazirlik sözçüsünün sözlərinə görə, "Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi bu ölkənin 44 günlük müharibədən doğru nəticə çıxarmadığını nümayiş etdirir"
Leyla Abdullayevaya görə, Ermənistan XİN-in bu mövqeyi Azərbaycanın beynəlxalq ictimaiyyətin aparıcı üzvləri ilə birgə bölgədə sülh quruculuğu səylərinə maneə törətmək cəhdindən başqa bir şey deyildir:
"Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Şuşa Azərbaycanın əzəli ərazisidir. Azərbaycanın mədəniyyət beşiyi olan bu şəhər, digər ərazilərimizlə yanaşı 2020-ci ildə azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. BMT heç vaxt keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral mövqe sərgiləməyib, əksinə Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu xüsusda, Ermənistan XİN-in hansı “neytral statusu” bərpa etməyə çağırması aydın deyil"-XİN rəsmisi bildirib.
Yerevan BMT nümayəndələrinin Şuşaya səfərinə etiraz edir
Ermənistan XİN binası
BMT-nin Ermənistandakı rezident əlaqələndiricisi vəzifəsini icra edən Lila Peters Yahya qurumun Azərbaycandakı nümayəndələrinin Şuşa şəhərinə görə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb. Məlumatda vurğulanır ki, görüşdə BMT nümayəndəsinə deyilib ki, Ermənistan XİN martın 18-də Şuşa hadisələrində BMT-nin Azərbaycandakı nümayəndəliyinin iştirakını kəskin şəkildə pisləyir. Bununla bağlı BMT nümayəndəsinə XİN etiraz notası verildiyi də bildirilir.
Beləki martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin ölkədəki digər qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Azərbaycan 1992-ci il martın 2-dən BMT-nin üzvüdür.
Buna da bax: Deputat: 'Əməlləri sülhməramlı deyil'Xatırlatma
1992-ci mayın 8-də Ermənistan ordusu tərəfindən işğal olunan Şuşa şəhəri 28 il sonra -2020-ci il noyabrın 8-də Azərbaycan silahlıq qüvvələri tərəfindən işğaldan azad olunub.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.