Azərbaycan mövqelərinin 10 dəfə vurulduğunu deyir

Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Müdafiə Nazirliyi (AMN) avqustun 8-i səhər bildirib ki, ötən sutka ərzində mövqeləri ümumilikdə 10 dəfə atəşə tutulub.

Nazirliyin qeyd etməsinə görə, bunlardan altısı Azərbaycan-Ermənistan dövlət sərhədində Kəlbəcər və Laçın rayonları istiqamətlərində baş verib: "Digər dörd hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsi tərəfindən Azərbaycan ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini… müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur".

Nazirliyin açıqlamasına görə, bütün hallarda Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb. Hələlik, bu açıqlamaya qarşı tərəflərin münasibəti bəlli deyil.

Sizin brauzer HTML5-i dəstəkləmir

Müdafiə nazirliyi Qarabağda bir sıra yüksəkliklərin nəzarətə alındığını bildirir

Sərhəddə erməni hərbçinin yaralandığı bildirilir

Azərbaycan-Ermənistan sərhədinin şərq hissəsində yerləşən döyüş mövqelərinin birində erməni hərbi qulluqçusu Nver Qevorqyan yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə avqustun 6-sı axşam saatlarında baş verib. Yerevan atəşkəs pozuntusunda Azərbaycan ordusunu ittiham edir.

Bakı Ermənistan Müdafiə Nazirliyinin dövlət sərhədində atışma olması və bir erməni əsgərin yaralanması ilə bağlı bəyanatını təkzib edib.

Avqustun 3-dən…

Avqustun 3-də Qarabağda vəziyyət yenidən gərginləşib. Azərbaycan qarşı tərəfi provokasiyada günahlandırıb, bir əsgərin həlak olduğunu, buna cavab olaraq Qarabağda bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq

Qarabağdakı tanınmayan qurum isə iki əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham edirlər.

Rusiya Müdafiə Nazirliyinin bu məsələlərlə bağlı həmin vaxt məlumatında da atəşkəsin Azərbaycan tərəfdən pozulduğu vurğulanırdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Amma 2020-ci ildə savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.