Husi üsyançıları Yəmənin Qırmızı dəniz sahillərini əsasən ələ keçiriblər. Bununla da İranın müttəfiqi olan silahlı qruplaşma Babül-Məndəb boğazına nəzarəti əldə edib. Bu boğaz qlobal ticarətin əsas keçid nöqtələrindən sayılır, dəniz yolu ilə daşınan dünya neftinin 6 faizi buradan keçir.
Husilər düşmən saydıqları, dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları gücləndiriblər. Ər-Riyad dron hücumundan sonra mühüm neft kəmərini müvəqqəti bağlamağa məcbur olub. Səudiyyə hücumu İraqdakı İranpərəst silahlı qruplaşmanın həyata keçirdiyini bildirir.
Husilərlə Səudiyyə Ərəbistanı arasında münaqişənin kəskinləşməsi neftin bahalaşmasına səbəb olub. Sentyabrın 15-də neftin bareli 110 dollara qalxıb, sonra bir qədər ucuzlaşıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, "Şərq-Qərb" neft kəmərinin uzun müddət bağlı qalması, yaxud husilərin Babül-Məndəb boğazını bağlamağa cəhd göstərməsi bütün dünyada ciddi sarsıntılara səbəb ola bilər.
Fevralın sonunda İranla münaqişə başlayandan Tehran Hörmüz boğazını faktiki bağlayıb və bu, dünya enerji bazarında təlatümlərə səbəb olub.
"Burada iki münaqişənin dinamikası var: Səudiyyə Ərəbistanı-husi qarşıdurması və ABŞ-İran münaqişəsi. Hər ikisi beynəlxalq neft bazarlarına və qlobal tədarük zəncirinə təzyiq göstərir", – Nyu-Yorkda yerləşən "Eurasia Group"un baş analitiki və neft üzrə ekspert Qreqori Bryu deyib.
ABŞ-nin "Goldman Sachs" investisiya bankı xəbərdarlıq edib ki, İran və Yəməndəki münaqişələr uzanarsa, dünya bazarında neftin qiyməti bir barel üçün 120 dollara çata bilər.
"Yəmən bataqlığı"ndan yayınmaq
Husilər ötən həftə ölkənin beynəlxalq səviyyədə tanınan hökumətinə qarşı sürətli hücuma keçərək Moha liman şəhərini və Qırmızı dənizdəki adaları ələ keçiriblər; bu toqquşmalar zamanı Yəməndə onlarla insan öldürülüb.
Yəmən hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanı husi hədəflərinə hava zərbələri endirib, üsyançılar isə krallığa dron və raketlər atıblar.
HUSİLƏR YƏMƏNDƏ ƏRAZİ NƏZARƏTİNİ GENİŞLƏNDİRİRLƏR
Ər-Riyad ABŞ-dən hərbi dəstək istəyib, ancaq prezident Donald Trampın bu çağırışları rədd etdiyi görünür. Husilər Birləşmiş Ştatların aylarla çəkən bombardman kampaniyasından sonra ötən il Vaşinqtonla atəşkəs razılaşması əldə ediblər.
Məlumatlara görə, husilər Vaşinqtonu əmin ediblər ki, Babül-Məndəb boğazını bağlamayacaq və Səudiyyə Ərəbistanına məxsus gəmilər istisna olmaqla, Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə hücum etməyəcəklər. ABŞ rəsmiləri sentyabrın 15-də qonşu Omanda husi liderləri ilə görüşüblər.
"ABŞ-nin mövqeyindəki məntiq tamamilə aydındır", – Yaxın Şərq üzrə ekspert, Ottava Universitetinin professoru Tomas Jüno belə deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatların Fars körfəzində İranla müharibə apardığı və Konqresə aralıq seçkilərə iki aydan az vaxt qaldığı bir dönəmdə "prezident Tramp açıq-aşkar Yəməndə daha bir bataqlığa sürüklənmək istəmir".
"Məncə, husilərin də məntiqi aydındır. ABŞ 2025-ci ildə husiləri ağır şəkildə vurdu, onlara ciddi zərər yetirdi və ağır bədəl ödətdirdi", – Jüno əlavə edib.
Səudiyyə Ərəbistanı üçün "fəlakətli ssenarilər"
AzadlıqRadiosunun jurnalisti Frud Bejan yazır ki, Yəməndəki hadisələr Səudiyyə Ərəbistanı üçün ciddi uğursuzluqdur. Husilərin paytaxt Səna daxil olmaqla, Yəmənin şimal-qərbini ələ keçirməsindən bir il sonra, 2015-ci ildə krallıq Yəmən hökumətini dəstəkləmək üçün dağıdıcı hərbi müdaxiləyə başlamışdı.
Ər-Riyadın Yəməndəki müttəfiqləri məğlubiyyətə uğrayıb. İndi krallıq həm husilərin, həm də regionda İranın dəstəklədiyi digər silahlı qruplaşmaların intensivləşən hücumları ilə üz-üzədir.
Səudiyyə Ərəbistanının "Şərq-Qərb" neft kəmərinə ziyan dəyməsi ölkənin neft ixracı imkanlarını məhdudlaşdırıb. Bu kəmər Hörmüz boğazı bağlandıqdan sonra Ər-Riyadın neft ixracı üçün əsas alternativ marşruta çevrilmişdi, indi onun yenidən nə vaxt işə düşəcəyi bəlli deyil.
Əmtəə bazarlarını təhlil edən "Kpler" şirkətinin hesablamasına görə, kəmər bir ay işləməsə, dünya bazarı təxminən 120 milyon barel neft itirəcək.
"Hazırda Səudiyyə Ərəbistanı üçün fəlakətli ssenarilər eyni vaxtda gerçəkləşir: Hörmüz boğazı, demək olar, tamamilə, Babül-Məndəb isə ən azı qismən bağlıdır, "Şərq-Qərb" neft kəməri də zədələnib", – Jüno bildirib.