Yəmən husilərə qarşı genişmiqyaslı əməliyyat elan edib

Rəşad əl-Alimi

Yəmən prezidenti Rəşad əl-Alimi oktyabrın 4-də İranın dəstəklədiyi husilərin nəzarətindəki bütün əraziləri geri almaq üçün genişmiqyaslı hərbi əməliyyatın başlanıldığını bəyan edib. Xəbəri "Reuters" yayıb.

Əl-Aliminin sözlərinə görə, hücum "ölkə terrorçu silahlıların hakimiyyətindən azad olunanadək" davam edəcək.

Bir neçə gün əvvəl Yəməndə ümumi səfərbərlik elan olunub. SABA dövlət xəbər agentliyi yazır ki, məqsəd "husilərin eskalasiyasını dayandırmaq, vətəndaşları qorumaq, respublika quruluşunu və konstitusion legitimliyi müdafiə etmək, dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etməkdir. "Reuters" husilərə qarşı hücuma 100 mindən çox yəmənli hərbçinin cəlb olunduğunu bildirib.

Agentliyin mənbələrinə görə, Yəmən hakimiyyəti husilərə qarşı hücuma Səudiyyə Ərəbistanının dəstəyi ilə keçəcək. Hava əməliyyatlarına Səudiyyə Ərəbistanı, quru əməliyyatlarına isə Yəmən qüvvələri rəhbərlik edəcək.

Husilər ötən aydan fəallaşıblar. Onlar gözlənilmədən hücuma keçərək qısa müddətdə strateji əhəmiyyətli Babül-Məndəb boğazını və Qırmızı dəniz sahilinin 150 kilometrlik hissəsini ələ keçiriblər. Bu, onlara beynəlxalq gəmiçilik marşrutlarına və Yaxın Şərq neftinin ixracına təzyiq göstərmək üçün yeni imkan yaradıb. Tehran Hörmüz boğazını bağladığından bu məsələ xüsusilə əhəmiyyətlidir.

Husilər 2014-cü ildən Yəmənin paytaxtı Sənaya və şimal-qərbdə əhalinin böyük hissəsinin yaşadığı geniş ərazilərə nəzarət edirlər. Bu illər ərzində onlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və onların Qərb müttəfiqlərinin çoxsaylı hücumlarına tab gətirib, İranın köməyi ilə silahlarını modernləşdiriblər. 2022-ci ildə atəşkəs razılaşdırılıb. Fevralda İranla başlanan müharibəyə cavab olaraq husilər bu il Səudiyyə Ərəbistanının gəmiçilik və neft infrastrukturuna hücumlara başlayıblar və bununla atəşkəs pozulub.