ABŞ-İsrailin irimiqyaslı bombardman kampaniyasına cavab olaraq İran Hörmüz boğazını bağlayıb. Bu isə dünya enerji bazarlarında xaos yaradıb, neft kəskin bahalanıb.
Yaxın Şərqdə daha bir kritik gəmiçilik marşrutu olan Babül-Məndəb boğazından tranzit də pozularsa, durum daha da pisləşə bilər, ekspertlər belə deyirlər.
İran sahillərindəki Hörmüz boğazı Fars körfəzini açıq okean və qlobal bazarlarla Oman körfəzi və Ərəbistan dənizi vasitəsilə birləşdirir. Eyni ilə Babül-Məndəb Qırmızı dənizə daxil olan və çıxan gəmilər üçün dar bir keçiddir. Bu dənizin Yəmən sahillərinə İranın dəstəklənən Husi silahlıları nəzarət edir.
"Husilər Yanbuya hücum etsələr...”
ABŞ husiləri terror təşkilatı kimi tanıyır. Onlar əvvəllər Babül-Məndəb boğazında, Qırmızı dənizdə beynəlxalq gəmilərə hücum edirdilər. AzadlıqRadiosunun mərkəzi xəbər xidmətinin baş regional redaktoru Frud Bejan yazır ki, Tehranın ən güclü müttəfiqlərindən olan husilər indiyədək ABŞ-İsrail müharibəsindən kənarda qalıblar. Ekspertlərin fikrincə, onlar da müharibəyə qoşulsalar, enerji bazarlarında daha çox şok yaşanacaq.
"Husilər burada real təhdid yaradırlar”, – İran nefti üzrə tarixçi, Avrasiya Qrupunun baş analitiki Qreqori Bru belə deyir.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, dünyada dəniz yolu ilə daşınan neftin təxminən 6 faizi Babül-Məndəb boğazından keçir.
Fevralın 28-də müharibə başlayandan dünyada ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Fars körfəzindən milyonlarla barel nefti Şərq-Qərb boru kəməri vasitəsilə Qırmızı dənizə yönləndirir.
"Səudiyyə Ərəbistanının yeganə neft ixrac marşrutu olan Yanbu limanından xam neft götürmək üçün Qırmızı dənizdən xeyli tanker keçir. Bu, neft bazarları üçün çox vacibdir, çünki Fars körfəzinin tamamilə bağlanmasının səbəb olduğu təzyiqi azaldır", – Bru bildirib.
"Husilər Yanbuya hücum etsələr, terminaldan ixracı pozmaq üçün addım atsalar, bu, gündə 7 milyon barel neft tranzitinin pozulması deməkdir”, – o əlavə edir.
“Barmaqlar tətikdə”
Husilər İran müharibəsinə qoşulacaqları haqda rəsmi açıqlama verməyiblər. Ancaq onların lideri Əbdül Malik əl-Husi qrupun uyğun bildiyi vaxt zərbə endirməyə hazır olduğunu bildirib.
"Hərbi eskalasiya və addımlara gəlincə, proses bunu tələb edərsə, barmaqlarımız hər an tətikdədir", – o, martın 5-də televiziya ilə çıxışında deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tramp NATO-nu İrana qarşı savaşa qoşa biləcəkmi?
İranın yarırəsmi “Fars” xəbər agentliyi martın 12-də husilərin tam hazırlıq vəziyyətində olduğunu, müharibədə Tehrana qoşula biləcəyini bildirib. “Fars” xəbərdarlıq edib ki, husilərin müharibəyə qoşulması Babül-Məndəb boğazının bağlanmasına səbəb ola bilər.
Husilərin İran müharibəsinə qatılmaması məqsədlidir, yoxsa qrupun hazırkı zəifliyinin göstəricisidir, bu, bəlli deyil.
ABŞ və İsrailin hava hücumları son illər husilərin döyüş qabiliyyətini zəiflədib. Husilərin Qırmızı dənizdə İsrailə, beynəlxalq gəmiçiliyə raket və pilotsuz təyyarə hücumları cavabsız qalmayıb. 2025-ci ilin mayında qruplaşma ABŞ ilə atəşkəs imzalayıb.
Husilər İranın müqavimət oxunun, yəni əsas düşməni İsrailə qarşı əlaltılar və silahlı qruplar şəbəkəsinin aparıcı üzvüdür. Ekspertlərin fikrincə, husilərin muxtariyyəti böyükdür, İran qrupun hərəkətlərinə məhdud nəzarət edir.
Zəiflik, yoxsa İranla əlaqələndirilmiş addım?
Şəbəkənin digər üzvü Livanın Hizbullah qruplaşmasıdır və İsrailə raket və dronlar ataraq müharibədə ikinci cəbhə açıb. İsrail buna dağıdıcı hərbi reaksiya ilə cavab verib, Livana quru qoşunları göndərib, hava zərbələri gerçəkləşdirib.
"Fikrimcə, husilərin maliyyə və hərbi vəziyyəti onları irimiqyaslı hərbi əməliyyatlardan çəkindirəcək. ABŞ və İsrailin kampaniyaları husilərin Yəməndəki mövqeyinə real ziyan vurub. Onlar hətta döyüşçülərinə maaş verməkdə çətinlik çəkirlər", – Bru belə deyir.
Husilərin müharibədən kənarda qalması İranla əlaqələndirilmiş addımdır. Bunu isə Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun Yəmən üzrə baş analitiki Əhməd Nağı bildirib.
Onun sözlərinə görə, İran bütün cəbhələri birdən aktivləşdirmək əvəzinə, eskalasiyanı tədricən idarə edir, husiləri ehtiyatda saxlayır: "Bu mənada husilər sonradan oynana biləcək vacib bir kart kimi qalırlar. Onların xüsusilə də Qırmızı dənizdə gəmiçiliyini pozmaq, daha geniş iqtisadi və təhlükəsizlik təzyiqi yaratmaq qabiliyyəti nəzərə alınmalıdır”.
Nağının fikrincə, husiləri ehtiyatda saxlamaqla bu təsir də qüvvədə qalır.
"İrana hərbi təzyiq artarsa, yaxud müharibə daha kritik mərhələyə keçərsə, Yəməndəki daxili cəbhədə potensial xərclərə baxmayaraq, husilər yenə müdaxilə edə bilərlər. Onların indiki təmkini müdaxilə etmək istəməməkdən daha çox, zamanlamaya bənzəyir", – təhlilçi vurğulayır.