Yaxşılıq etmək niyə çətindir?

Oskar Uayld hələ bir əsr bundan əvvəl deyib: “Dünyada ən gözəl hiss yaxşı əməli gizli etmək və kiminsə bunun üstünü açmasıdır”. 

Bəzən həddindən artıq altruist insanlar adamda şübhə oyadır. Psixoloqlar iddia edirlər ki, bu fenomen qeyri-rasional görünsə də, onun arxasında təkamül prosesindən doğan səbəblər dayanır.

BBC yazır ki, mütəxəssislər bu fenomenə ad da qoyublar – “yaxşılıq edənin kiçildilməsi” (“do-gooder derogation”).

Oyun ədalətli olsaydı...

Britaniyanın Nottingem Universitetinin psixologiya professoru Saymon Gekster bu fenomenlə bağlı qlobal araşdırma aparıb.

Altruizm sahəsində aparılan bir çox araşdırma kimi, bu tədqiqat da “ictimai mənafe oyunu” formasını alıb. İştirakçılar dörd nəfərlik qruplara bölünüb, hər kəsə az miqdarda pulu təmsil edən jetonlar verilib. Onlara oyunun hər raundunda bu “pulun” bir hissəsini qrupun ümumi kassasına ianə etmək imkanı verilib. Hər kəs ianəsini edəndən sonra hərə kassadakı ümumi məbləğin 40%-i qədər əlavə pul alır.

İştirakçılar ədalətli oynasaydılar, hər raund hər iştirakçıya yaxşı əlavə gəlir gətirməli idi. Ancaq çox xəsis olanlar çox az ödəməklə başqalarının sərmayəsini “yemiş” olurlar. 10 raunddan sonra tədqiqatçılar iştirakçılara digərlərinin gəlirinin bir hissəsini müsadirə etməklə onları cəzalandırmaq imkanı veriblər.

Buna da bax: Talibandan müraciət: '...xahiş edirik ki, taqətdən düşmüş xalqımıza kömək etsinlər'

8 yaşından

Amma pulu müsadirə olunanlar içində ən altruist iştirakçılar da olub. Bir növ eqoistliklə altruizm əxlaqi baxımdan eyni cür neqativ reaksiya doğurub. Alimlər bu fenomenin erkən yaşlarda – təqribən insanın 8 yaşında təzahür etməyə başladığını və əksər mədəniyyətlərdə mövcud olduğunu deyirlər.

Təkamül psixoloqları hesab edirlər ki, insanın əsas davranışları bu növün həyatda qalması və öz genlərini gələcək nəsillərə ötürməsi üçün formalaşıb.

Altruizmsə insanın qrup daxilində yaxşı münasibətlər qurmasına, zamanla sosial kapital və status toplamasına imkan verir. Bu isə bir növ həm də reproduktiv uğurla bağlıdır.

Buna da bax: Türk lirəsinin ucuzlaşması türkmənləri çətinə salıb

Şübhə oyatmamaq

Ancaq məsələ burasındadır ki, reputasiya mövqe məsələsidir. Bir adam bir mövqeyə çatanda o biri oradan düşməlidir. Bu, yarış hissi yarada bilər. Bu isə o deməkdir ki, insanlar daim başqalarının onlardan önə çıxmasına çox ayıq yanaşırlar. İnsanlar kiminsə əslində xeyirxah məqsədlər üçün deyil, önə çıxmaq və şəxsi maraqları üçün yaxşılıq etməsindən şübhələnəndə ona qarşı daha çox ikrah hiss edirlər.

Bu isə o deməkdir ki, yaxşılıq edən insanlar balans saxlamağa, eyni zamanda həm yardımsevər və mehriban olmağa, həm də bu cür şübhələr oyatmamağa çalışmalıdırlar.

London Universitet Kollecinin təkamül davranışı professoru, The Social Instinct” kitabının müəllifi Nikola Reyhani fondtoplama saytlarında araşdırma aparıb. O bəzi insanların atdıqları xeyirxah addımın mənfi reaksiya doğura biləcəyindən xəbərdar olduğu qənaətinə gəlib. Reyhani ən çox pul ianə edənlərin adlarını gizli saxlamasını bununla əlaqələndirir.

Sağ əlin verdiyini sol əl bilməməlidir

Ümumilikdə alimlər bu nəticəyə gəliblər ki, “yaxşılıq edəni kiçiltmə” yanaşmasından yan keçmək üçün yaxşılığı gizli etməkdə fayda var. Hətta əgər edilən yaxşılığı insanların əhvalını yüksəltmək, onlara ümid vermək üçün paylaşmaq istəsəniz belə, bunu etməmək, təvazökar olmaq daha faydalıdır. Bütün səylərinizə rəğmən xeyirxah əməlinizin üstü açılsa bundan narahat olmağa dəyməz. Bu sadəcə, sizə daha yaxşı reputasiya qazandıracaq.

Alimlərin verdiyi başqa bir tövsiyədə isə deyilir ki, hansısa xeyirxah əməldən divident gözləyəndə bunu şəffaf və açıq şəkildə bildirmək daha doğru olar və sizi insanların mənfi reaksiyasından qoruyar.

Oskar Uayld hələ bir əsr bundan əvvəl deyib: “Dünyada ən gözəl hiss yaxşı əməli gizli etmək və kiminsə bunun üstünü açmasıdır”.