İndoneziyada zəlzələdə 252 nəfər ölüb

Yavada zəlzələ

İndoneziyada noyabrın 21-də baş vermiş zəlzələdə ölənlərin sayı 252-yə yüksəlib. Azı 377 nəfər xəsarət alıb, 31 nəfər itkin sayılır. Xilasetmə işlərinin davam etdiyi bildirilir.

Paytaxt Cakartadan 74 km cənub-şərqdə zəlzələ nəticəsində 7 mindən çox insan köçkünə çevrilib.

+++

İndoneziyanın Yava adasında ötən bazar günü baş vermiş zəlzələdə azı 162 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb. Zəlzələnin gücü 10 ballıq Rixter şkalası ilə 5.6 bal olub.

14 minədək yavalı evsiz qalıb, düşərgələrə yerləşib.

Qərbi Yava vilayətinin qubernatoru Ridvan Kamil mediaya deyib ki, ölü və yaralı sayı arta bilər. Xilasetmə işləri davam edir.

Azı 2300 ev, dörd məktəb dağılıb. Məscid və xəstəxana binalarına ziyan dəyib.

İndoneziya planetin seysmik aktiv zonalarından birində yerləşir. 2004-cü ildə Sumatra adasında 9.1 bal gücündə zəlzələ sunamiyə səbəb olub, 14 ölkəyə ziyan dəyib. Təbii fəlakət nəticəsində həlak olan 226 min nəfərin yarısı indoneziyalılar idi.