Yaponiyada fövqəladə vəziyyət elan olundu

Tokioda Olimpiya Oyunlarına etiraz, arxiv fotosu

Fövqəladə vəziyyətdə yarışların birbaşa izlənməsinin tamamilə yasaqlanacağı gözlənilir

Baş nazir Yoşihde Suqa iyulun 8-dən Yaponiya paytaxtında fövqəladə vəziyyət elan edib. Səbəb COVID-19-a yoluxmaların artmasıdır. İki həftəyə ölkədə Tokio-2020 Yay Olimpiya Oyunları başlamalıdır.

Pandemiya başlanandan sayca dördüncü olan fövqəladə vəziyyətin iyulun 12-dən avqustun 22-dək davam edəcəyi bildirilir.

Buna da bax: Pandemiyadan ölənlərin sayı 4 milyonu keçir

BOK prezidenti Tokiodadır

Fövqəladə vəziyyət tam lokdaun deyil. Amma olimpiya oyunlarını tamaşaçıların birbaşa izləməsinə tam qadağa gözlənilir.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Bax iyulun 8-də Tokioya çatıb və dərhal özünü bir neçə günlük təcrid etmək üçün BOK-un müvəqqəti yerli qərargahına yollanıb.

Rəy sorğuları Yaponiya ictimaiyyəti və tibb icmasının Yay Olimpiya Oyunlarına ehtiyatla yanaşdığını göstərib.

Oyunlar iyulun 23-dən avqustun 8-dək keçirilməlidir. Xaricdən izləyicilərin gəlişinə bir neçə ay öncə qadağa qoyulub.

İyulun 8-də tibbi ekspertlərlə görüş zamanı hökumət rəsmiləri fövqəladə vəziyyət üçün plan təqdim ediblər.



Buna da bax: Prataseviçin onlayn görünməsi suallar doğurub

İçki məkanlarının bağlanması

Adamların evdə qalması, alkoqol verilən bar, restoran, karaoke zallarının qapadılması xahiş olunur.

“Əsas məsələ Olimpiya oyunlarından zövq almaq istəyənlərin bunu bayırda içki ilə qeyd etməsini önləməkdir”, – Səhiyyə naziri Norihisa Tamura deyib.

İki həftə öncə oyunların təşkilatçıları deyirdilər ki, yarış məkanlarının yarıya qədər dolmasına icazə veriləcək, ziyarətçi sayı 10 minə məhdudlaşdırılacaq.

Buna da bax: Çin ordusu ilə birgə hazırlanmış prenatal testlər data yığırmış

Amma fövqəladə vəziyyətdə yarışların birbaşa izlənməsinin tamamilə yasaqlanacağı gözlənilir.

Hökumətin baş tibbi eksperti Şiqeru Omi dəfələrlə tədbirlərdə izləyicilərə qadağa qoyulmasına çağırıb, pandemiya dövründə Olimpiya oyunları keçirməyi “anormal” adlandırıb.

Bir həftə öncə Tokioda 714 yeni yoluxma aşkarlanmışdı, iyulun 7-də 920-yə çatıb. Artıq 18-ci gündür həftəlik göstərici yüksəlir.