Yaponiyada minlərlə xilasedici Yeni il günü baş vermiş zəlzələdən sağ çıxanları xilasetmə işini sürətləndirib. Zəlzələdə azı 81 nəfər həlak olub. Yanvarın 4-də axşama doğru zəlzələdən üç gün keçir və xilasedicilər mümkün qədər çox həyatı xilas etməyə çalışır.
Baş nazir Fumio Kişida mətbuat konfransında deyib ki, "dağılmış binaların altında xilas edilməsini gözləyən xeyli adam qalır".
Adətən zəlzələdən 72 saat sonra sağ qalma ehtimalı azalır.
Təbii fəlakətin daha çox uzaq ərazilərdə baş verməsi xilasetmə işlərini çətinləşdirir. Əsas zəlzələdən sonra Noto yarımadasında 600-dək təkan qeydə alınıb, bu isə infrastruktura əlavə ziyan dəyəcəyi sarıdan qorxuları artırır.
Zəlzələdən ziyan görmüş şəhərlərin merləri yardım göndərildiyini, amma daha çox şey gərəkdiyini deyirlər. Fəlakət zonalarında internetə çıxış, tibbi təchizat, təmiz tualet problemləri yaşanır.
Baş nazir Kişida yanvarın 4-də deyib ki, ölkə büdcəsindən zəlzələnin fəsadlarının aradan qaldırılmasına 4 milyard yen (28 milyon dollar) ayrılacaq.