Yaponiyanın Baş naziri Yoşihide Suqa bu ay hakim Liberal Demokratik Partiyanın (LDP) lideri postuna namizədliyini verməyəcək. Bu haqda sentyabrın 3-də NHK ictimai televiziyası məlumat yayıb.
Suqanın partiyanın aparıcı üzvlərinin fövqəladə toplantısında istefa niyyətini elan etdiyi bildirilir.
Bu o deməkdir ki, keçmiş xarici işlər naziri, partiya liderliyi uğrunda Suqanın rəqibi Fumio Kişida hakim partiyanın lideri və ölkənin baş naziri ola bilər. LDP parlamentdə çoxluğa malikdir. Partiya liderinin seçilməsi sentyabrın 29-na planlaşdırılır.
Suqanın təkrar LDP liderliyinə namizədliyini verəcəyi gözlənirdi.
Kişida koronavirus pandemiyası ilə mübarizədə dünyanın üçüncü böyük iqtisadiyyatı üçün böyük stimullaşdırıcı addımları təşviq edir.
72 yaşlı Suqa ötən sentyabrda vəzifəyə keçib. Yaponiya COVID-19-a yoluxmalarla mübarizə apardığı bir dönəmdə onun reytinqi 30 faizdən də düşüb. LDP-dən bir çox deputatlar isə mandatlarını itirəcəklərindən ehtiyatlanırlar. İctimai narahatlığa baxmayaraq Olimpiya oyunlarının keçirilməsi də Suqanın ünvanına tənqidləri artırıb.
Hökumət oktyabrın 17-də seçki keçirməyi planlaşdırır.