Yaponiyanın baş naziri Siqeru İsiba istefaya getdiyini açıqlayıb. Buna hakim Liberal Demokrat Partiyasının (LDP) parlamentin yuxarı palatası – Müşavirlər Palatasına seçkilərdə uduzması səbəb olub. Partiya son 70 ildə ilk dəfə palatada çoxluğu itirib.
68 yaşlı İsiba iyulda seçkilərdən dərhal sonra vəzifəsində qalacağını bildirmişdi. Amma bazar günü Tokioda mətbuat konfransında o deyib ki, qərarı ABŞ-la ticarət sazişi üzrə danışıqları başa çatdırmaq istəyi ilə bağlı olub. Saziş əldə edilib və o, "estafeti yeni nəslə vermək" qərarına gəlib.
Yaponiya mediası yazır ki, İsiba partiyada parçalanmanı önləməkdən ötrü bu addımı atmalı olub. Partiyanın bir hissəsi populyarlığını itirmiş baş nazirin istefasını tələb edirdi.
İsiba hökumətə bir ildən də az müddətə rəhbərlik edib. İndi LDP baş nazir postuna namizəd verməlidir. İsibanın istefasından sonra partiyadaxili səsvermə keçiriləcək və yeni lider bilinəcək. Ovaxtadək İsiba baş nazir səlahiyyətlərini icra edəcək.
"Reuters" yazır ki, hakim partiyanın yeni lideri postuna mümkün namizədlər sırasında ötən il partiya seçkilərində İsibaya uduzan Sanae Takaiti və keçmiş baş nazir Cuniçiro Koyzuminin oğlu, hazırda nazir olan Sindziro Koyzumi var.
LDP Yaponiyanın ən böyük partiyasıdır, 1955-ci ildə qurulandan kiçik fasilələrlə hakimiyyətdədir. Ötən il liberal-demokratlar aşağı palatada çoxluğu itirsələr də, koalisiya tərəfdaşlarının dəstəyi ilə hakimiyyətdə qala biliblər. Bu ilin iyulunda LDP Müşavirlər Palatasında da çoxluğu itirib, buna seçkilərdə ifrat sağçı "Sanseyto" partiyasının gözlənilməz uğuru səbəb olub.