Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər Təşkilatında çalışan mühasib bu partiyanın üzvü olmadığına görə işdən çıxarıldığını iddia edir. Bu səbəbdən partiyanı məhkəməyə verən mühasib Rəsul Xəlilov şikayətində göstərib ki, onunla bağlı əmrdə müqaviləyə YAP üzvü olmaması üzündən xitam verilməsi açıq şəkildə yazılıb.
R.Xəlilov YAP-ın Şirvan şəhər Təşkilatının mühasibi olub. O, 2021-ci ilin iyulunda bu işə götürülüb və daha öncə Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində baş mühasib vəzifəsində çalışıb.
R.Xəlilov, öz şikayətində yazdığına görə, əvvəlki iş yerində çalışdığı dövrdə YAP-ın Şirvan şəhər Təşkilatına dəvət olunub. Ona təşkilatda mühasib kimi işə başlamağı təklif etsələr də, razılaşmayıb: "Dedim ki, öz iş yerim məni qane edir. İki ay keçəndən sonra Paşa Nəbiyev yenidən əlaqə saxladı. Dedi ki, YAP-ın Şirvan şəhər Təşkilatında mühasib olmadığına görə işçilər uzun müddətdir əməkhaqqı ala bilmirlər. Razılıq verdim, 2021-ci il iyunun 23-də Kommunal Kombinatı Müəssisəsindəki işimdən çıxdım, və iyulun 16-da YAP Şirvan şəhər Təşkilatında mənimlə müddətsiz əmək müqaviləsi imzalandı".
R.Xəlilovun sözlərinə görə, ştat cədvəlində əməkhaqqı yuxarı göstərilsə də, həmin pulu adamlara vermirdilər. Məsələn, 2022-ci ilin ştat cədvəlində mühasibin maaşı 1400 manat olduğu halda, ona 420 manat əməkhaqqı verildiyini də məhkəməyə şikayətində vurğulayıb.
"Bir gün keçməmiş mühasib vəzifəsinə başqası təyin olunub"
"Şənbə günü sədr zəng edib məni təşkilata çağırdı, dedi ki, bir gün əvvəl işdən çıxarılmağım barədə əmr verilib. Bildirdim ki, xəbərdarlıq olmadan əmək müqaviləsinə xitam verilə bilməz. YAP üzvü olmamağımı əsas gətirdilər", - R.Xəlilovun sözləridir.
O, öncə Mediasiya Təşkilatına üz tutsa da, tərəflər razılaşmadığından problem məhkəmə müstəvisinə çıxıb.
Müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilib. Əmrin verilməsinə əsas kimi isə R.Xəlilovun YAP üzvü olmadığı qeyd edilib.
R.Xəlilov öncə YAP-ın Şirvan şəhər Təşkilatını məhkəməyə verib. İddia ərizəsində göstərib ki, qarşı tərəf onu "ştat ixtisarı" bəhanəsi ilə işdən çıxarsa da, heç bir gün keçməmiş mühasib vəzifəsinə bir başqa adamın işə götürülməsi barədə əmr verilib.
Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan apellyasiya şikayəti verilsə də, nəticə yenə onun xeyrinə olmayıb. Şirvan Apellyasiya Məhkəməsinin qənaətincə, o, YAP-ın Şirvan şəhər Təşkilatını məhkəməyə verməməli, bu halda cavabdeh YAP-ın özü olmalıydı. Ali Məhkəmə də bu qərarı haqlı sayıb.
Ardından R.Xəlilov yenidən birinci instansiya məhkəməsindən şikayətlərə başlayıb. Bu dəfə Xətai rayon Məhkəməsində əmrin qanunsuz sayılması, işə bərpa və əməkhaqqı ödənişi tələbiylə YAP-a qarşı iddia qaldırıb. Ancaq onun iddiası yenə təmin olunmayıb. Məhkəmə qərarını belə əsaslandırıb ki, şikayətçi işdən çıxarılma ilə bağlı məhkəməyə müraciət üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürüb.
Uzun müddətdir sürən məhkəmə çəkişmələrinə bugünlərdə Ali Məhkəmədə son qoyulub. YAP məhkəməyə etiraz məktubu göndərib, orada R.Xəlilovun şikayətinin əsassız olduğu vurğulanıb.
Ali Məhkəmədə verilən yekun qərar da mühasibin xeyrinə olmayıb – onun şikayəti təmin edilməyib.