YAP Ərdoğanın baş müşavirinin hicab tənqidinə cavab verdi

Oktay Saral

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə prezidentinin baş müşavirinin və hakim partiyadan olan bəzi deputatların Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmamasını tənqid etməsinə cavab verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral bugünlərdə "X" hesabında "İnancına görə başını örtən bir şagirdi məktəb qapısından geri qaytarmaq hansı vicdana, hansı ədalətə sığar?" deyərək Azərbaycandakı məhdudiyyətləri tənqid etmişdi.

YAP rəsmiləri isə bildirirlər ki, O.Saralın və hakim partiyadan olan deputatların məsələnin mahiyyətini, eləcə də Azərbaycanın konstitusiya quruluşunu nəzərə almadan belə "populist, məsuliyyətsiz" çıxışları ciddi təəssüf doğurur.

Açıqlamada vurğulanır ki, İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etməyə, onların daxili işlərinə qarışmağa və ya özünü başqalarından üstün görməyə hüququ yoxdur.

Partiyanın mövqeyinə görə, bu cür fikirlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və cəmiyyətdə süni gərginlik yaratmağa xidmət edir: "Baş örtüyü kimi həssas mövzulardan siyasi manipulyasiya və bölücülük aləti kimi istifadə olunması nə Türkiyə xalqının birliyinə, nə də müsəlman dünyasının həmrəyliyinə xidmət edir... AKP iqtidarını bu zərərli siyasətdən çəkinməyə çağırırıq".

Türkiyə prezidentinin baş müşaviri nə demişdi?

Türkiyə prezidentinin baş müşaviri O.Saral "X" platformasındakı paylaşımında hicabı maneə deyil, inancın tələbi adlandırıb. "Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir. Azərbaycanın bu yanlış addımdan tezliklə geri dönəcəyinə ümid edirik. Gənclərin gələcəyinə əngəl törətmək yox, onların yolunu açmaq lazımdır", – o yazıb.

Son həftələr Türkiyə mediasında və sosial platformalarda Azərbaycana yönəlik tənqidlər artıb. Xüsusilə ötən ay keçirilən BMT Baş Assambleyasının sessiyasında İsrailin baş naziri çıxış edərkən, bir çox ölkənin nümayəndələrindən fərqli olaraq, Azərbaycan təmsilçilərinin zalı tərk etməməsi və məktəblərdə vahid geyim forması ilə bağlı dəyişikliklər ciddi müzakirə mövzusuna çevrilib.

YAP isə bəyanatında Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna status verilməsi cəhdlərini qətiyyətlə rədd etdiyini bildirir.

Türkiyə prezidenti R. T. Ərdoğan isə sentyabrın 22-də BMT-dəki çıxışında konkret ölkə adı çəkmədən deyib ki, bəzi dövlətlərin məktəblərində hicaba qadağa qoyulması qadınların təməl hüquqlarına hücumdur.

Bu hadisələrin fonunda, təhlilçilər prezident İlham Əliyevin oktyabrın 2-də YAP qurultayındakı çıxışı zamanı Azərbaycanın müstəqil xarici siyasətini xüsusi vurğulamasını məhz xaricdən gələn bu cür tənqidlərə dolayı cavab kimi qiymətləndirirlər..

Sizin brauzer HTML5-i dəstəkləmir

Məktəblərdə hicab gərginliyi: Valideynlər narazıdır, YAP-çı deputat nə deyir?

Xatırlatma

Azərbaycan Nazirlər Kabineti sentyabrın 21-də dövlət məktəblərində şagirdlərin geyim formaları ilə bağlı qaydalara rəsmi dəyişikliklər edib. Yeni qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd geyimlərdən istifadəsinə icazə verilmir.

Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərinin dəqiq nələrdən ibarət olduğu açıqlanmasa da, analitiklər bu qadağanın həm də hicaba şamil ediləcəyini vurğulamışdılar. Qərardan sonra istər paytaxtda, istərsə də bölgələrdə bəzi hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması ilə bağlı şikayətlər yayılıb.

Son günlər bir neçə məktəbdə valideynlərin və şagirdlərin etiraz aksiyası keçirdiyi, dərsləri boykot etdiyi məlum olub.

Azərbaycan Daxili İşlər Nazirliyi isə oktyabrın 12-də açıqlama yayaraq vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və "ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfərin saxlanıldığını, faktla bağlı cinayət işi açıldığını bildirib.