Yahoo da Çindən gedir

İllüstrativ foto

Yahoo son bir neçə həftədə Çindən gedən ikinci qərb texnologiya brendidir. Ötən ay Linkedin oxşar addım atmışdı

Amerikanın veb xidmətləri provayderi Yahoo Çinin əsas hissəsində fəaliyyətini dayandırıb və bunu “”getdikcə çətinləşən biznes və hüquqi mühitlə” izah edib.

Yahoo noyabrın 1-dən xidmət göstərməyi dayandırdığını bildirib. Həmin gün Çində Şəxsi İnformasiyanın Qorunması Qanunu qüvvəyə minib. Qanun şirkətlərin informasiya seçimini məhdudlaşdırır, bu informasiyanın saxlanması üçün qaydalar müəyyənləşdirir.

Yahoo son bir neçə həftədə Çindən gedən ikinci qərb texnologiya brendidir. Ötən ay Linkedin oxşar addım atmışdı.

Şirkət bəyanatında “istifadəçilərin hüquqları, azad və açıq internetlə bağlı öhdəliklərinə sadiq qaldığını” vurğulayır.

Əslində, Yahoo-nun Çindən getməsi simvolik addımdır, çünki veb portalı daxil olmaqla xidmətlərinin çoxu bloklanıb. Şirkət daha öncə Çində əməliyyatlarının miqyasını kiçildib, 2015-ci ildə Pekin ofisini qapadıb.

Oktyabrda Microsoft Corp Linkedin sosial şəbəkəsinin Çində işini dayandırıb. Linkedin bu addımı “getdikcə çətinləşən əməliyyat mühiti, Çinin daha böyük tələblər qoyması” ilə izah edib.