Azərbaycan və Türkiyə xüsusi xidmət orqanları birgə əməliyyat keçirib

arxiv foto

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə Türkiyə xüsusi xidmət orqanlarının birgə əməliyyat-axtarış tədbirləri keçirdikləri bildirilir.

Bu barədə mayın 16-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 1984-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Saleh Valeh oğlu Adilov Türkiyənin Van şəhərində saxlanılaraq ölkəsinə gətirilib.

“2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb”, açıqlamada yazılıb.

Buna da bax: Hərbi hissəyə hücum etmiş islamçılar həbs edilib

DTX-nin bildirməsinə görə, Saleh Adilov məsuliyyətdən yayınaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan ərazisini İran İslam Respublikası istiqamətində tərk edib.

İddiyaya görə, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən qiruplaşmaya qoşulub,

2010-cu ildən həmin qruplaşmaya başçılıq edib:

“ 2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib. 2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib.Hazırda həbs olunmuş Saleh Adilov barəsində cinayət işi davam etdirilir”

Bu açıqlamada yer alan ittihamlara, hələlik, S.Adilov və onun yaxınlarının münasibətini almaq mümkün olmayıb.