Mayın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsidir.
Görüş barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmin məlumata görə, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh sazişi üzrə danışıqlar, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub.
XİN-in bildirməsinə görə, Ceyhun Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəsinin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb.
Xovayev bundan əvvəl ( mayın 10-da) Yerevanda olub və Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb.
İki gün sonra, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü gözlənir.
Mayın 19-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü keçirilməlidir.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma tərəflər arasında sülh sazişi imzalanmayıb.
Buna da bax: ABŞ Ermənistanı və Azərbaycanı sülh təşəbbüslərindən yararlanmağa çağırırXatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.