Biznesmen Mixail Xodorkovski və "Rusiya Antimüharibə Komitəsi"nin daha 22 üzvü Rusiyada hakimiyyəti zorakı yolla ələ keçirməkdə və terrorçu birləşmə təşkil etmək və orada iştirakda ittiham olunur. FTX-nin İctimai Əlaqələr Mərkəzi bu ittihamlar üzrə cinayət işi başlandığını bildirir.
İş üzrə digər təqsirləndirilənlər keçmiş baş nazir Mixail Kasyanov, şahmat üzrə dünya çempionu Harri Kasparov, siyasətçilər Leonid Qozman, Vladimir Kara-Murza, Maksim Reznik, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov, "Novaya qazeta – Yevropa"nın baş redaktoru Kirill Martınov, jurnalist Viktor Şenderoviç, qalereya sahibi Marat Qelman, aktyor Artur Smolyaninov, politoloq Yekaterina Şulman, biznesmenlər Yevgeni Çiçvarkin, Boris Zimin, iqtisadçı Sergey Aleksaşenkodur.
İstintaq bildirir ki, "Rusiyadakı mövcud hakimiyyətin ləğvinin zəruriliyi" komitənin təsis sənədində ifadə olunub. Həmçinin bildirilir ki, Xodorkovski və təşkilatın digər üzvləri "Ukraynanın Rusiyada terrorçu kimi tanınan hərbi millətçi birləşmələrini maliyyələşdirir, bu dəstələrə adam cəlb edirlər ki, sonradan Rusiyada hakimiyyətin zorla ələ keçirilməsi planını gerçəkləşdirsinlər".
Xodorkovski barəsində əlavə olaraq terrorçuluğa açıq çağırışlar maddəsi üzrə də cinayət işi başlanıb.
"Rusiya Antimüharibə Komitəsi" 2022-ci ilin fevralında yaradılıb. Məqsədi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə qarşı çıxmaqdır. Komitənin saytında deyilir: "Biz insan həyatının dəyərinə və hər kəsin azadlıq hüququna inanırıq. Putin rejimi bu prinsiplərə birbaşa təhdiddir. Məqsədimiz bu rejimə qarşı mübarizə üçün gücləri birləşdirməkdir".
2024-cü ilin yanvarında Rusiya Baş Prokurorluğu bu komitəni "arzuolunmaz təşkilatlar" siyahısına salıb.