Qəzada xəsarət alan 18 işçi xəstəxanalara yerləşdirilib

Təcili Yardım

Dünən, fevralın 6-da Xocavənd rayonunda avtobus qəzası nəticəsində xəsarət alan 16 işçi Bakıya gətirilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, onlardan 13 nəfər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Qeyd edildiyinə görə, həmin şəxslərdən 11-i Türkiyə vətəndaşıdır: "İki nəfər reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Qalanlarının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir".

Fevralın 6-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət" şirkətinə məxsus xidməti avtobus qəzaya düşüb.

Qəzada ümumilikdə 21 nəfər xəsarət alıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) də Xocavənd rayonu ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb.

AAYDA-dan verilən məlumata görə, hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb: "16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. Beş nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti stabildir, həkim nəzarətindədirlər".

Agentlik qəza ilə bağlı daha sonra da bildirib: "Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb. İlkin ehtimala görə, qəza yolunun tikinti işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət" şirkətinə məxsus xidməti avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Qəza hadisəsi ilə bağlı araşdırma aparılır".

Hələlik, bu açıqlamaya şirkət rəhbərliyi və sürücüdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsinə nəzarəti (Şuşa şəhəri və Füzuli rayonu daxil) bərpa etdiyini açıqlayıb. İndi həmin ərazilərdə quruculuq işləri aparıldığı bildirilir.

1988-ci ildə başlanan Qarabağ münaqişəsi sonradan Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalara səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.