Azərbaycanın Müdafiə nazirliyi Xocavənd rayonunun Tağaver kəndi istiqamətindəki ordu hissələrinin atəşə tutulduğunu bildirir. Nazirlik bu barədə fevralın 19-da məlumat yayıb.
"Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub" nazirliyin məlumatında bildirlir.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında sialahlı toqquşmalar baş verib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.