Tikinti şirkətinin iki əməkdaşı  minaya düşərək xəsarət alıb

Azərbaycanın mina təmizləyənləri , Füzuli rayonu, 19 noyabr 2020

Xocalı rayonunun işğaldan azad olumuş ərazisində tikinti işləri aparan şirkətin iki əməkdaşı piyada əleyhinə minaya düşüb. Müxtəlif xəsarətlər alan həmin şəxslər xəstəxanaya yerləşdirilib.

İyulun 21-də saat 23 radələrində iki nəfərin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat verilib.
Bu barədə iyulun 22-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilib ki, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğu araşdırma aparır.

Rəsmi qurumların açıqlamalarına görə, ötən ilin 10 noyabr razılşmasından bəri minaya düşmə səbəbindən 30 nəfər həlak olub, 100-dən çox Azərbaycan vətəndaşı yaralanıb.

Azərbaycan rəsmiləri Ermənistan rəhbərliyini işğaldan azad edilən ərazilərə aid xəritlərin onlara verilməməsini səbəb göstərərək tez-tez tənqid edirlər.

Bununla belə son aylar Azərbaycanda tutulan Ermənistan hərbi quluqçularının bir qisminin geri qaytarılması əvəzində Ağdam, Füzuli və Zəngilan rayonlarında mina xəritlərinin verildiyinə dair rəsmi açıqlamalar da olub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.