Xocalı faciəsindən 31 il ötür

Sizin brauzer HTML5-i dəstəkləmir

26 fevral - Xocalı qurbanlarının anım günüdür

Fevralın 26-da Azərbaycanda Xocalı faciəsinin 31-ci ildönümü anılır.

Faciənin ildönümü ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verib.

Bəyanatda bildirilir ki, Xocalı şəhəri 1991-ci ilin oktyabr ayından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb.

Nazirliyin vurğuladığına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib.

Açıqlamaya görə, işğal nəticəsində, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub.

"613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil..."

Nazirlik bildirir ki, 18 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

"Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirərək mühüm nəticəyə gəlib."-Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Buna da bax:

Gözlənilən bir faciənin tarixçəsi…

Prezidenti İlham Əliyev bu gün -fevralın 26-da faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

Azərtac xəbər verir ki, Prezident Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Azərbaycan hökumətinin hesablamalarına görə, Xocalı şəhərinin işğal edilməsi nəticəsində dövlətə və vətəndaşlara 170 milyon dollardan artıq ziyan vurulub.

Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Miçalko tvitter səhifəsində Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verib.

"Xocalı faciəsi zamanı ailələrini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız bir araya gəlməliyik ki, Cənubi Qafqazda barışıq və uzunmüddətli sülhə nail olmaq üçün hər cür səy göstərək."-səfir yazıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da Xocalı faciəsinə ucaldılan abidəni ziyarət edib.

Fransanın Azərbaycandakı səfir Anne Boillon də faciənin anım günü ilə bağlı tvitter hesabında öz etiramını bildirib.

"Davamlı sülhə dialoq və barışıq yolu ilə nail olmaq lazımdır ki, belə hərəkətlər bir daha baş verməsin"-səfir vurğulayıb.

Xatırlatma

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında sialahlı toqquşmalar baş verib.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Xocalı şəhəri daxil deyil) və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.