Xəzərdə aşkar edilən minalar zərərsizləşdirilib

КБ-1 minası

Xəzər dənizində aşkar edilən minalar zərərsizləşdirilib. Bu barədə mayın 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda 60 metr dərinlikdə aşkar edilən altı böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi mayın 10-da uğurla başa çatıb.

Açıqlamaya görə, minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə dörd hərbi gəmi, dörd kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.

"Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir", - nazirlik vurğulayır.

Xəzərdə gəmi minaları tapılıb

Xəzər dənizinin Azərbaycan sektorunda altı gəmi minası aşkar edilib. Bu barədə mayın 4-də Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda bildirilir ki, "UMID BABEK OPERATING COMPANY" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda apardığı ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.

Məlumata görə, dənizin həmin akvatoriyası SSRİ dönəmində poliqon kimi istifadə olunub, aşkarlanan obyektlərin isə həmin vaxt standartlara əməl edilmədən suya atılmış altı böyük gəmi minası (КБ-1) olduğu müəyyən edilib: "Aşkarlanmış minaların mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb".

Bildirilir ki, minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanıb: "Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir".

Xəzərin hövzəsi Azərbaycandan başqa Rusiya, Qazaxıstan, Türkmənistan və İranın payına düşür.