-
«Əsas problemimiz yol, su və qazdır. Bu ərazilərdəki kəndlərin hərəsində bir-iki artezian var. Bircə bizim kənddə yoxdur. Neçə illər idi ki, çöküntü, zəhərli sulardan istifadə edirdik. İndi o sular da çəkilib. Ümumiyyətlə, susuz qalmışıq. Yoldansa danışmağa dəyməz. Maşınla birtəhər keçmək olur, piyada keçmək mümkün deyil».
«SƏHƏR OYANMAMAQ ÜÇÜN DUA EDİRİK»
İnsanların boz həyat sürdüyü bir kənddən danışacağıq - Neftçalanın Xəzər kəndindən... Bu kəndin sakinləri «Qaynar xətt»ə yazırlar ki, bu kənd baxımsız, yaddan çıxmış məkana çevrilib. Yayda evlərdə tozdan oturmaq olmur. Qış gəldi, dizə qədər palçığın içərisindədirlər.
Bu kəndin kişiləri zaman-zaman köçlərini tutub Rusiyaya ruzi dalınca gediblər. Son vaxtlarda onların bir qismi əli ətəyindən uzun kəndə qayıdıb, işsiz-gücsüz dolaşır. Bir tərəfdən işsizlik, bir tərəfdən də sosial problemlər kəndliləri, az qala, həyata küsdürüb.
«Yollar bərbad vəziyyətdədir. Bələdiyyə deyir, fondda pul yoxdur. Məgər bu problemlərlə təkcə bələdiyyə məşğul olmalıdır? İcra hakimiyyətinə gedirik, qəbul edirlər, vədlər verib yola salırlar. Kəndin cavanları tab gətirmir. Baş götürüb getmək istəyirlər. Hamı həyatda bir dəfə yaşayır və hamı da istəyir ki, bu bir dəfə verilən imkandan istifadə etsin. Bizsə axşam yatanda, səhər oyanmamaq üçün dua edirik».
«BURDA YAŞAMAĞA İMKAN YOXDUR»
Xəzərlilər deyir, kəndin yolları sonuncu dəfə 80-ci illərdə düzəldilib. İndi yollar həm avtomobil, həm də piyadalara keçilməz olub.
Bitib tükənməz problemlərdən biri də qazdır. Sakinlər deyirlər, yaxın meşəliklərdə kəsməyə ağac qalmayıb: «Yeni məhəllələrdə qazlaşdırma yoxdur. Kəsməyə meşə qalmayıb. Dəfələrlə müraciət etmişik. Məhəl qoymurlar. Deyirlər, «imkanımız yoxdur. Şəxsi hesabınıza çəkin, nə vaxtsa özümüz sayğac qoyarıq». İmkan yoxdur burda yaşamağa».
Kəndlilər iddia edirlər ki, kənddə torpaq bölgüsü də ədalətsiz aparılır. Onlar icra hakimiyyətinin və yerli bələdiyyənin ədalətsiz bölgü aparması nəticəsində uzun illərdir birlikdə yaşayan kəndlilər arasında nifaq yaratdıqlarını deyirlər.
PROBLEMLƏR ARADAN QALDIRILACAQ?
Neftçalanın İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, ötən il bir neçə kənd qazlaşdırılıb, yolları təmir olunub. Bu işlər mərhələli və növbəlilik qaydasında həyata keçirilir: «Xəzər kəndinin qazla təminatı bu il başa çatacaq. Yol probleminin həllinə gəlincə, dövlət başçısının sərəncamına uyğun olaraq 27 min nəfərin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun tikintisinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Həmin yolda işlərə başlanılıb. Bu yaxınlarda rayon icra hakimiyyəti başçısının iştirakı ilə Xəzər kəndində yığıncaq da keçirilib. Həmin yığıncaqda yerli əhali ilə söhbət aparılıb, onların bütün problemləri dinlənilib. Kənd sakinlərinə rastlaşdıqları problemlərin nə zaman həll olunacağı barədə ətraflı izahat verilib».
İcra hakimiyyətindən yaddan çıxmış Xəzərin sosial problemlərinin və işsizliyin yaxın vaxtlarda tamamilə aradan qaldırılacağı bildirilib.