Xəz kürk satışı azalıb

Arxiv fotosu

Artıq Böyük Britaniya, Almaniya. Belçika, İrlandiya, Norveç, Slovakiya və İsraildə xəz kürk ticarətinə qadağa qoyulduğu bildirilir

Son iki ildə Rusiyada xəz paltolara tələb 80%-dək azalıb. Bu haqda “RBK” portal məlumat yayıb. Bu ilin 10 ayı ərzində 400 mindən bir az çox xəz kürk satılıb. 2019-cu ilin eyni dövründə isə 700 mindən çox kürk satılmışdı.

Ekspertlər satışın azalmasını koronavirus pandemiyası, rusiyalıların maddi vəziyyətinin pisləşməsi və qış fəslinin nisbətən xoş keçməsilə əlaqələndirirlər. Bundan başqa, xəz geyimlərə qarşı beynəlxalq təbliğat gənc alıcılara təsirini göstərir.

Artıq Böyük Britaniya, Almaniya. Belçika, İrlandiya, Norveç, Slovakiya və İsraildə xəz kürk ticarətinə qadağa qoyulduğu bildirilir. Yaxın illərdə Fransa, Niderland və Danimarkada da oxşar qadağa qüvvəyə minə bilər.

Rusiya xəz geyimləri birliyinin prezidenti Sergey Stolbov RBK-yə deyib ki, yerli istehsalçılar 2022-ci ilin birinci rübünə proqnozlaşdırılan sərt qışa göz dikiblər. O, biznesin itkisinin qismən kompensasiya olunacağını gözləyir.