Xarkov vilayətinə hücumda həlak olanlar var

Xarkova dron və raket hücumu

Rusiyanın Xarkov vilayətinə raket və dron hücumları nəticəsində "Nova Poçta" şirkətinin bir neçə əməkdaşı həlak olub, yaralananlar var.

Poçt-logistika terminalının dörd əməkdaşı həlak olub, altı nəfər isə yaralanıb. Məlumatı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov yayıb.

Sinequbovun sözlərinə görə, Rusiya dronu Xarkovun Şevçenko rayonunda uşaq sanatoriyasının binasına da dəyib, yanğın baş verib.

Odessaya gecə hücumunda isə beş nəfər xəsarət alıb. Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, altı çoxmənzilli yaşayış binasının və bir uşaq bağçasının fasadları və şüşələri zədələnib.

Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Zelenodolsk icmasına isə raketlər və dronlarla kütləvi hücum edilib. Bəzi obyektlərə, fərdi evlərə ziyan dəyib, xəsarət alanlar var.

Kiyev vilayətində yüz minlərlə ev işıqsız qalıb

Rusiya ötən gecə Ukraynada istilik elektrik stansiyası daxil mühüm enerji obyektlərini hədəfə alıb. Bu arada ölkə üzrə temperatur mənfi 15 dərəcəyədək düşüb.

Ukrayna prezidenti Volodimir Zelenskinin dediyinə görə, Rusiya təxminən 300 hücum dronu, 18 ballistik və yeddi qanadlı raketdən istifadə edib.

"Kiyev vilayətində vəziyyət çətindir, hazırda yüz minlərlə ev işıqsız qalıb", – Zelenski X sosial şəbəkəsində yazıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji obyektlərinə kütləvi zərbə endirdiyini təsdiqləyib, bu obyektləri Ukrayna ordusunun istifadə etdiyini iddia edib.

Ukraynanın DTEK əsas özəl enerji şirkəti bildirib ki, şaxtalı gecədə Rusiya raketləri istilik elektrik stansiyasını vurub. Bu, 2025-ci ilin oktyabrından bəri şirkətin obyektlərinə səkkizinci iri hücumdur.

"Ukrenerqo" dövlət enerji şirkəti isə yanvarın 13-də bildirib ki, Rusiyanın raket və dron hücumları bir neçə regionda enerji obyektlərini hədəfə alıb. Nəticədə Kiyev şəhəri və Kiyev vilayətində, Çerniqov, Dnepropetrovsk, Zaporojye, Jitomir, Xarkov və Donetsk vilayətlərində çoxsaylı istehlakçı elektrik enerjisiz qalıb. Təhlükəsizlik şəraiti imkan verdiyi yerlərdə təcili təmir-bərpa işlərinə başlanılıb.

Ukrayna isə Rusiyanın Taqanroq şəhərinə hava hücumu edib. Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri bu hücumu dəf etməyə çalışıblar. O, yeddi dronun vurulduğunu, itkilər haqda məlumat olmadığını deyib.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hücumu təsdiqləyib, donanma bölməsi ilə birgə Taqanroq şəhərində dron istehsalı zavoduna zərbə endirildiyini bildirib.