Xankəndi şəhərinə gedən qaz xətti üzərində "Azəriqaz" İstehsalat Birliyi (AİB) müəyyən təmir bərpa işləri aparıb.
Bunu aprelin 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyasında bildirib. Onun sözlərinə görə, hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur.
Rəisin əlavə olaraq vurğulamasına görə, nəzərdə tutulub ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulsun.
Nə baş vermişdi
Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanı regiona təbii qaz təchizatını kəsməkdə suçlayırdı. Qarabağa qaz təchizatının ilk dəfə martın 8-də kəsildiyi, buna Azərbaycanın nəzarətində olan ərazidən keçən kəmərin zədələnməsi səbəb kimi göstərilirdi. Daha sonra Xankəndi Bakını kəmərin sürətli təmirinə imkan verməməkdə ittiham etdi. AzadlıqRadiosunun erməni xidməti 11 günlük fasilədən sonra kəmərin martın 18-də təmir olunduğunu, ertəsi günü Qarabağın qaz təchizatının bərpa edildiyini xəbər vermişdi. Ancaq Qarabağdakı separatçı qurum martın 21-də axşam qaz təchizatının Azərbaycan tərəfinin birbaşa müdaxiləsi ilə kəsildiyini iddia edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xankəndində qazın kəsilməsi Rusiyanın maraqlarına uyğundur?
"Azərqaz" İB isə bildirmişdi ki, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək: "Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar edilən qazpaylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər".
Qarabağdakı qondarma rejimin "Artsaxqaz" şirkəti isə, öz növbəsində, SOCAR şirkəti və onun "Azəriqaz" İstehsalat Birliyinin regionun qaz təchizatı ilə əlaqəsi olmadığını deyirdi. Bildirilirdi ki, Qarabağa qaz Ermənistan ərazisindən yeganə qaz kəməri vasitəsilə verilir, təchizatçı şirkətsə "Qazprom Ermənistan"dır (Rusiyanın "Qazprom" şirkətinin törəməsi).
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.