Xankəndində tutulan Karen Avanesyanın işi məhkəməyə göndərilib

Karen Avanesyan olduğu bildirilən şəxs

Bu il sentyabrın 14-də Xankəndi şəhərində saxlanan 1967-ci il təvəllüdlü Karen Avanesyanla bağlı iş məhkəməyə göndərilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu noyabrın 28-də məlumat yayıb.

O, terrorçuluq və üç polisə xəsarət yetirməkdə günahlandırılır. "Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib", - rəsmi açıqlamada bildirilir.

K.Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd), 214.2.3 (odlu silahdan... istifadə - terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah,... saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İttihama K.Avanesyan və ya onun vəkilinin münasibəti bəlli deyil.

14 sentyabr

Xankəndində atışma olub, saxlanan və yaralananlar var

Sentyabrın 14-də Xankəndi şəhərində 1967-ci il təvəllüdlü Karen Avanesyan saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda vurğulandığına görə, o, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu dörd sandıqcanı, eləcə də beş qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən saxlanıb. "Bu zaman K.Avanesyan üç əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib", - DİN qeyd edib.

Nazirliyin əlavə etməsinə görə, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.

Rəsmi məlumata tutulan şəxsin özündən və ya yaxınlarından münasibət almaq mümkün olmayıb. Üstəlik, məlumatda sözügedən tədbir haqqında da detallı açıqlama verilmir.

Hazırda prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə səfərdə olduğu bildirilir.

Xankəndi şəhəri Qarabağ bölgəsinin mərkəzi şəhəridir. Həmin şəhər Azərbaycan SSR dönəmi Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Yerevan 2023-cü ildə keçirilən birgünlük əməliyyatı "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Bakı isə onu "antiterror tədbiri" kimi təqdim edib. Həmin ilin sentyabrın 20-də Qarabağ separatçıları Bakının tərkisilah haqqında şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Rəsmi Bakı bildirib ki, Qarabağda erməni əhalisinə reinteqrasiya planı təqdim edib və onlar könüllü Azərbaycanı tərk ediblər. Rəsmi Bakının vurğulamasına görə, Xankəndində az sayda erməni əsilli şəxslər könüllü şəkildə qalıb yaşamaqdadır.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılıb. Nəhayət, bu il sentyabrın 8-də iki ölkənin xarici işlər nazirləri ABŞ-nin vasitəçiliyi ilə sülh sazişi sənədini paraflayıblar.