Xaçmazda xüsusi əməliyyat - ölən var

Foto illüstrasiya

Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində əməliyyat keçiriblər. Bu haqda xəbəri DTX yayıb.

Xidmətin yaydığı açıqlamada deyilir ki, həmin kəndin sakini Ramiq Rəhimov «camaatın əmiri» kimi fəaliyyət göstərib.

Üstəlik, onun Azərbaycanın hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində fəaliyyət göstərdiyi iddia olunur.

DTX qeyd edir ki, 42 yaşlı Ramiq Rəhimovun qanunsuz odlu silah, partlayıcı vasitələr əldə edib, terror və insanları oğurlamaq istəməsi planlarına dair onlara məlumat daxil olub.

«R.Rəhimov təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq, odlu silahdan atəş açaraq silahlı müqavimət göstərib. Əməliyyat qrupu cavab tədbiri olaraq, xidməti silahdan istifadə edilməklə R.Rəhimovu məhv edib», - deyə məlumatda vurğulanır.

DTX bildirir ki, İstintaq Baş İdarəsində terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər məsələlər ilə bağlı aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Açıqlamaya, hələlik, mərhum Ramiq Rəhimovun vəkili və yaxınlarının münasibətini öyrənmək mümkün olmayıb.