Xaçmaz bazarının sahibinin qətli Avropa Məhkəməsində: Hökumətdən cavab tələb olunur

Nəcimə Babayeva

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 16 il əvvəl qətlə yetirilən işadamı, Xaçmaz bazarının sahibi Nəcimə Babayevanın ölümü ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib. Məhkəmə mərhumun qızı Gülnarə Həbibovanın şikayəti əsasında iş üzrə kommunikasiyaya başlayıb.

G. Həbibova Avropa Məhkəməsinə ərizəsində anasının qətli ilə bağlı ölkə daxilində səmərəli araşdırma aparılmadığını, əksinə, bu tələbinə görə özünün təzyiqlərlə üzləşdiyini vurğulayıb.

O, şikayətində göstərib ki, anasının qətli ilə bağlı istintaqın gedişi ilə maraqlanmaqdan ötrü prokurorluğa gedəndə telefonunu təhvil verib. Həmin vaxt onun telefonuna gizli şəkildə izləmə-dinləmə proqramı yazılıb. Həbibovanın iddiasına görə, bundan sonradan xəbər tutub və məsələnin araşdırılmasını, bu işdə əli olan müstəntiqin cəzalandırılmasını tələb edib. Bu məqsədlə Baş Prokurorluğa etdiyi müraciətlər də nəticəsiz qalıb.

O, həm anasının ölümü ilə bağlı istintaqın səmərəsizliyindən, həm də telefonuna müdaxilə edilməsindən məhkəməyə də şikayət verib. Lakin yerli instansiyalar onun bu müraciətlərini təmin etməyib.

Prokurorluğun N.Babayevanın qətli ilə bağlı obyektiv və hərtərəfli araşdırma aparmadığını iddia edən qızının sözlərinə görə, ona cinayət işinin materialları ilə tanış olmağa imkan verilməyib. Bu üzdən o, istintaq qarşısında qaldırdıqları versiyaların araşdırılıb-araşdırılmadığından xəbərsizdir.

Avropa Məhkəməsi bugünlərdə Azərbaycan hökumətindən N.Babayevanın qətli ilə bağlı səmərəli istintaq aparılıb-aparılmaması və onun qızının şəxsi həyatına hörmət hüququnun pozulub-pozulmaması haqda suallara cavab istəyib.

İstintaqdan bugünədək xəbər yoxdur

25 ilə yaxın Xaçmaz bazarının sahibi olmuş 73 yaşlı N.Babayeva 2010-cu il sentyabrın 15-də evində qətlə yetirilib. Hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılsa da, bugünədək istintaqın heç bir nəticəsi yoxdur.

N.Babayevanın ölümündə uzun müddət ovaxtkı icra başçısı Şəmsəddin Xanbabayevin adı hallanırdı. Babayevanın övladları iddia edirdilər ki, bazarı analarının əlindən almağa çalışırdılar və ona qarşı müxtəlif üsullarla təzyiqlər göstərilirdi. Övladlarının sözlərinə görə, hadisədən öncəki çoxsaylı məhkəmə çəkişmələri də təzyiq vasitələrindən biri idi və arxasında da icra başçısı dayanırdı.

2004-2019-cu illərdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı olmuş Ş.Xanbabayev isə bu iddiaları təkzib etmişdi.

N.Babayeva Xaçmaz bazarını 2004-cü ildə özəlləşdirib. Obyekt Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçərək "Arzu" Ticarət Mərkəzi adı altında fəaliyyətə başlayıb. Bu ticarət mərkəzi əvvəllər rayonun ən böyük bazarı olub.

2025-ci ilin iyulunda "Arzu Özəl Ticarət Mərkəzi" MMC ləğv olunduğunu elan edib.